Azərbaycan təmsilçiləri YAŞIL MEYDANLARDA: “Başabaş mübarizəni izləyəcəyik” – ŞƏRH

“Qarabağ” sürprizə imkan verməyəcək”.

Bunu Azərbaycanı avrokuboklarda təmsil edən “Qarabağ”, “Sabah” və “Neftçi”nin bugünkü oyunlarını dəyərləndirərkən idman jurnalisti Ceyhun Rzayev Yenicag.az-a açıqlamasında bildirib.
O, “Neftçi” və “Sabah”a nisbətən “Qarabağ”ın inamlı qələbə çalacağına inandığını deyib:

“Qarabağ” sürprizə imkan verməyəcək. Bundan əvvəlki “Rakov”la oyunda üstün idilər. Lakin, təəssüf ki, mərhələni keçə bilmədilər. “Qarabağ” “HİK”dən daha yaxşı komandadır. Təmsilçimizin bu mərhələni adlayacağına yüzdə yüz inanıram.

“Sabah” ilə “Partizan” cütünün favoritinin isə rəqib komandanın olduğunu düşünürəm. Amma “Sabah”ın başabaş mübarizə aparacağına, hətta mərhələni keçmə şansının olacağına inanıram. Çünki “Partizan” son illərə baxsaq ən zəif dövrünü yaşayır. Təmsilçimizdə problem ondadır ki, komandanın əsas liderlərindən biri Coy-Lens Mikels baş məşqçiyə getmək istədiyini deyib. Mikels bu gün oynamasa, onun yoxluğu meydanda hiss olunacaq.

“Neftçi” və “Beşiktaş” qarşılaşmasından danışılacaq bir şey yoxdur. “Beşiktaş” oyunun aşkar favoritidir. Üstəgəl, “Neftçi” bir həftəyə, demək olar ki, 2 oyun keçirdiyi üçün oyunçularda da müəyyən yorğunluq hiss olunacaq. Ona görə də paytaxt təmsilçisinin bu mərhələni keçəcəyinə inanmıram”.

Qeyd edək ki, matçlar aşağıda göstərilən vaxtda başlayacaq:
20:00. “Qarabağ” – HİK (Avropa Liqası)
20:00. “Sabah” – “Partizan” (Konfrans Liqası)
21:00. “Neftçi” – “Beşiktaş” (Konfrans Liqası)

Sadiq Cavadov