“Türkiyə ilə birgə hərbi təlimlər həm də Ermənistanın böyük bacısı Fransaya bir mesajdır”.
Bu sözləri İranla artan siyasi gərginlik fonunda Türkiyə ordusu ilə Azərbaycan ordusunun cənub sərhədimizdə hərbi təlimlər keçməsi barədə danışan hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.
Tərlan Eyvazov bildirib ki, Türkiyə ilə birgə hərbi təlimlər təkcə İrana yox, həm də Rusiya və Fransaya mesajdır:
“İranın son iki ildə 3 belə hərbi təlim keçirməsi və sonuncu təlimin həddən ziyadə geniş miqyaslı olması, bunun üzərinə cənub qonşumuzun siyasilərinin və hərbçilərinin Azərbaycanı açıq şəkildə təhdid etməsi rəsmi Bakını adekvat addım atmağa məcbur etdi. Azərbaycan torpaqları işğal olunan müddətdə ən azı 132 km sərhədimizə nəzarət edə bilmirdik, ancaq İran tərəfi təcavüzkara qarşı bu cür davranış nümayiş etdirmədi.
Bir müddət əvvəl Azərbaycan ordusu cənub sərhədində hərbi təlimlər həyata keçirdi. O zaman təxminən bir hərbi hissə həcmində bu təlimlər baş tutmuşdu. İndi daha genişmiqyaslı hərbi təlimlər keçirilir.
Bu təlimlərin spontan olduğunu düşünmürəm. Azərbaycanla Türkiyə ordusunun birgə təlimləri mütəmadi baş tutur. Bu təlimlər heç bir ölkəyə qarşı yönəlməyib. İndiki təlimlərin cənub sərhədində olması İrana bir mesajdır. Hesab edirəm ki, bu, tək İrana da deyil, Ermənistan və onun müttəfiqi Rusiyaya da bir mesajdır. Son vaxtlar Rusiya sülhməramlıları öhdəliklərini yerinə yetirmir.
Azərbaycan öz haqlı narazılıqlarını dilə gətirir. Bundan əlavə, Türkiyə ilə birgə hərbi təlimlər həm də Ermənistanın böyük bacısı Fransaya bir mesajdır. Əgər Azərbaycana qarşı üçüncü bir qüvvə olsa, Türkiyəni qarşısında görəcək. Hesab edirəm ki, Türkiyənin nazir və generallarının səhra geyimində Azərbaycanda olması həm də bu anlama gəlir.
Azərbaycana qarşı təhdid yaranacağı təqdirdə Türkiyə həmişəki kimi burada olur və olacaq”.
Səxavət Məmməd