“Azərbaycan-Türkiyə birliyini həzm etməyən qüvvələrin cəhdləri uğursuz olacaq” – Şərh

“Biz artıq münasibətlərin yeni mərhələsinə qədəm qoymuşuq”.

Bunu İkinci Qarabağ Müharibəsində əldə olunan qələbədən sonra Azərbaycan və Türkiyənin birliyinin daha da möhkəmlənməsi və hər iki ölkənin regionda güclənməsindən narahat olan əksər siyasi qüvvələrin törədə biləcəyi əngəlləri dəyərləndirən Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Yenicag.az-a açıqlamasında deyib.

Xəyal Bəşirov qeyd edib ki, sözügedən qüvvələrin qarşıdakı dövrlərdə əl ata biləcəyi istənilən təxribatın qarşısı asanlıqla alınacaq və bu kimi cəhdlər Azərbaycanla Türkiyənin münasibətlərinə zərər verə bilməz:

“Azərbaycan və Türkiyə prezidentləri arasındakı münasibətlərin mümkün qədər istiləşməsi regionda və eyni zamanda beynəlxalq aləmdə ermənipərəst qüvvələri ciddi narahat edir. Lakin həmin qüvvələrin məqsədi əbəsdir. Çünki Azərbaycan və Türkiyənin yaxınlığı çox böyük tarixi əsaslara söykənir.

İlk növbədə, etnik baxımdan yaxın və qardaş millətlərik. O cümlədən, uğurlu diplomatiyanın məntiqi ardıcıllığı bu gün iki ölkə arasındakı münasibətləri ən yüksək səviyyəyə gətirib çıxarıb. Bunun kuliminasiya nöqtəsini 44 günlük müharibə və ondan sonrakı proseslərdə aydın görürük. Azərbaycanın qələbəsindən sonra Türkiyə prezidenti Ərdoğanın Bakıda keçirilən Zəfər paradında iştirakı, Şuşa Bəyannaməsinin bağlanması ilə bağlı ölkəmizə səfər etməsi, Qarabağın hava qapısı olan Füzulidə hava limanının açılış mərasimində iştirakı beynəlxalq aləmə bir mesajdır. Yəni, Ermənistanın siyasi proqramına dəstək verən qüvvələrin Azərbaycan və Türkiyəyə qarşı törədə biləcəyi əngəllər nəticəsiz qalacaq.

Qeyd edim ki, biz artıq münasibətlərin yeni mərhələsinə qədəm qoymuşuq. Belə ki, hərbi və diplomatik baxımdan ölkəmizə daim dəstək verən Türkiyə regionda formalaşdırdığımız yeni geosiyasi reallığın şərtlərinə uyğun olaraq artıq iqtisadi aktivlikdə də iştirak edir. Bu fonda Azərbaycanla Türkiyə arasındakı məlum münasibəti korlamaq istəyən qüvvələrin cəhdləri uğursuz olacaq. Mövcud proseslərə xələl gətirəcək istənilən addım nəticəsiz qalacaq”.

Gülşən Şərif