Azərbaycan-Türkiyə hərbi-texniki əməkdaşlığı: “Türkiyənin yeni silahları sınaqdan uğurla çıxıb” – Hərbi ekspert

“Türkiyə özünün hərbi-sənaye kompleksinin inkişafına görə artıq dünyanın aparıcı ölkələrinin səviyyəsinə çatmaqdadır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanın Türkiyədən kredit şərtləri ilə 50 milyon manat dəyərində silah və hərbi texnika alacağı haqda məlumatı şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Şair Ramaldanovun sözlərinə görə, Azərbaycanın Türkiyədən silah və hərbi texnika alması Ordumuzun hərbi qüdrətini xeyli artıracaq:

“Artıq müəyyən tarixə malik olan Azərbaycan-Türkiyə hərbi-texniki əməkdaşlığı sabit templə genişlənir. Türkiyə özünün hərbi-sənaye kompleksinin inkişafına görə artıq dünyanın aparıcı ölkələrinin səviyyəsinə çatmaqdadır.

Qeyd etmək lazımdır ki, Azərbaycan geniş hərbi-sənaye kompleksinə malik olan bütün dövlətlər üçün maraqlı ölkədir. Bu, ilk növbədə Azərbaycanın alıcılıq qabiliyyəti ilə bağlıdır. Ona görə də, müxtəlif dövlətlər istehsal etdikləri ən yeni hərbi məhsulları Azərbaycana həvəslə təklif edirlər. Ümumiyyətlə, Azərbaycan bu gün silah ixracatçısı olan 10-dan çox ölkə ilə sıx əməkdaşlıq edir.

Türkiyənin hərbi-sənaye kompleksi bizə yaxından tanışdır. Türkiyənin istehsal etdiyi müasir silahlar və hərbi texnikanın bir üstün cəhəti də ondan ibarətdir ki, həmin silahlar Suriya, Liviya və başqa regionlarda aparılan hərbi əməliyyatlarda uğurla sınaqdan çıxarılıb.

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev bütün çıxışlarında bəyan edir ki, Azərbaycan bundan sonra da Ordumuzun güclənməsi üçün ən müasir silah və hərbi texnika almağa davam edəcək.

Türkiyə bizim strateji müttəfiqimizdir və ən sıx əməkdaşlıq etdiyimiz dövlətdir. Bu əməkdaşlığın davamlı olaraq, genişləndirilməsi, oradan silah alınması çox müsbət haldır. Bu əməkdaşlıq Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini daha da artıracaq”.

Qeyd edək ki, Türkiyənin “Yeni Akıt” nəşri Azərbaycanın Türkiyədən kredit şərtlərilə 200 milyon lirə (50,1 milyon manatdan çox) İHA, SİHA, “Altay” tankı və “Atak” helikopterləri almaq niyyətində olduğuna dair məlumat yayıb.

Aqil Bəkir