Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının yeni mərhələsi – TƏHLİL

2021-ci ilin iyununda Azərbaycan və Türkiyə dövlət başçıları Azərbaycanın otuz ilə yaxın bir dövr ərzində işğal altında qalmış mühüm mədəniyyət mərkəzimiz və  44 günlük II Qarabağ müharibəsinin, o cümlədən dünya hərb tarixinə qızıl hərflərlə yazılan Şuşü əməliyyatı nəticəsində azad olunmuş Şuşa şəhərində hər iki respublika üçün böyük əhəmiyyət kəsb edən bir sənədə imza atdılar. Tarixə Şuşa bəyannaməsi adı altında düşən bu sənəd soykökü, dil, mədəniyyət və digər bu kimi ortaq mənəvi dəyərlərlə bir-birinə bağlı olan Azərbaycan və Türkiyə respublikaları arasındakı münasibətlərin yeni bir  mərhələsinin bünövrəsini qoymuş oldu. Hər iki dövlətin başçıları təkcə mehriban qonşuluq siyasətini deyil, ölkələrimizin daha da yaxınlaşmasını şərtləndirən mənəvi prinsipləri əsas götürərək tarixən mövcud olmuş əlaqələrin daha yüksək səviyyəyə çatdırılması üçün bütün zəruri addımları atmış və bunu nəticə etibarilə müttəfiqlik səviyyəsinə yüksəltmiş oldular.

Təməlində qırılmaz dostluq və qardaşlıq telləri dayanan Azərbaycan-Türkiyə əlaqələri bütün istiqamətlərdə strateji önəm daşıyır. Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra xarici siyasətinin əsas istiqamətlərindən biri türk dövlətləri, xüsusən də Türkiyə Cümhuriyyəti ilə çoxcəhətli sıx əlaqələrin qurulması olmuşdur. Ümumiyyətlə, Türkiyə rəsmi və işgüzar dairələrində Azərbaycana münasibətdə həmişə xüsusi yanaşma mövcud olmuş, dövlət və hökumət, həmçinin digər müxtəlif səviyyəli görüşlərdə bu münasibət dəfələrlə vurğulanmışdır.

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanı tanı­yan ilk dövlət Türkiyə olub. Müstəqilliyin ilk illərindən etibarən qardaş ölkə Azərbaycanın dövlət quruculuğu yolun­da atdığı addımları daim dəstəkləyib, böyük dövlətlərin iştirak etdiyi tədbirlərdə Azərbaycan naminə haqq səsini ucaldıb. İkitərəfli münasibətlər müttəfiqlik səviyyəsinə qədər yüksəlib. Ölkəmizin ən ağrılı problemi olan Qara­bağ münaqişəsinin həllində Türkiyənin həmişə Azərbaycan xalqının yanında olması böyük dostluğumuzun, qardaşlı­ğımızın ifadəsi və həmrəyliyimizin rəmzi kimi diqqət çəkib. 2021-ci ildə imzalanan Şuşa bəyənnaməsi də bunun bariz nümunəsi kimi göstərilə bilər.

Azərbaycan- Türkiyə strateji əməkdaşlıq və tərəfdaşlığını şərtləndirən əsas faktorlar

Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra xarici siyasətinin əsas istiqamətlərindən biri türk dövlətləri, xüsusən də Türkiyə Cümhuriyyəti ilə çoxcəhətli sıx əlaqələrin qurulması olmuşdur. Azərbaycanın Türkiyə ilə qarşılıqlı əlaqələr, strateji əməkdaşlıq və tərəfdaşlığını şərtləndirən bir sıra mühüm faktorlar vardır. Bunların içərisində dil, din, etnik bağlılıqla yanaşı coğrafi mövqelər və siyasi münasibətlər, qarşılıqlı iqtisadi maraqlar, dövlət başçıları səviyyəsində dostluq və qardaşlıq münasibətləri, ortaq problemlərin birgə həlli istiqamətində atılan addımlar və s. əhəmiyyətli rola malikdir.

Məlum olduğu kimi, Azərbaycan Cənubi Qafqazda, Türkiyə isə Yaxın Şərqdə əlverişli coğrafi-strateji mövqedə yerləşmiş qonşu türk dövlətləridir. Azərbaycanın mövqeyi onun Mərkəzi Asiyanın türk respublikaları və onlar vasitəsilə də dünyanın iqtisadi mərkəzlərindən olan Çin və uzaq Şərq ölkələri ilə əlaqələrini təmin edir. Bundan əlavə şimaldan Rusiya Federasiyası, Cənubdan isə İranla həmsərhəd olması şimal-cənub dəhlizinin aparıcı hissəsini təşkil etməsinə şərait yaratmışdır. Türkiyə Respublikasının da Avropa və Asiyanı, həmçinin Qara dənizlə Aralıq dənizini birləşdirən mühüm coğrafi mövqeyə malik olması onun “Qızıl körpü” rolunu şərtləndirir. Bu mənada Türkiyə Azərbaycanın Avropa ilə, Azərbaycan isə Türkiyənin Mərkəzi Asiya, Uzaq Şərq ölkələri və Rusiya ilə əlaqələrində vacib rol oynayır. Hər iki dövlətin ortaq dəyərlərə, adət-ənənə, din, dil və etnik mənşəyə malik olması isə qarşılıqlı əlaqələrin formalaşması və inkişaf etdirilməsində böyük əhəmiyyət kəsb etmişdir. Ortaq problemlərimizdən olan erməni təcavüzü və Ermənistanın ərazi iddiaları məsələsi də siyasi əlaqələrimiz və hərbi potensialımızın gücləndirilməsi, beynəlxalq arena və təşkilatlarda vahid mövqe nümayiş etdirmək, həmçinin diaspor təşkilatlarımızın fəaliyyətinin artırılması məsələsinin vacibliyini də şərtləndirməkdədir. Dövlətlərimizin başçılarının şəxsi dostluq əlaqələrinin olması da Azərbaycan ilə Türkiyə arasında münasibətlərin möhkəmlənməsi, ikitərəfli əlaqələrimizin bü­tün sahələrdə daha da genişlənməsində öz müstəsna töhfəsini verən mühüm faktorlardan biridir. Dövlətimizin başçısı İlham Əliyev və Türkiyə Respublikası­nın Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri və təşkil edilən qarşılıqlı səfərlər bu münasibətlərin möhkəmlənməsində xü­susi əhəmiyyət kəsb edir. Prezident ilham Əliyevin sözləri ilə ifadə etsək, “Dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan–Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Bu əlaqələr tarixən qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanır. Çoxşahəli ikitərəfli əlaqələrimiz, qarşılıqlı maraq doğuran sıx əməkdaşlığımız, irimiqyaslı birgə layihələrimiz strateji müttəfiqliyimizi səciyyələndirən cəhətlərdir. Azərbaycan-Türkiyə tərəfdaşlığı nəinki yerləşdiyimiz regionda əmin-amanlığın və sabitliyin bərqərar olmasına xidmət edir, həm də daha geniş coğrafiyada əməkdaşlığa töhfə verir.  Əminəm ki, Türkiyə–Azərbaycan həmrəyliyi və strateji müttəfiqliyi birgə səylərimizlə bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq daha da möhkəmlənəcək və genişlənəcəkdir” [Modern.az, 21.05.2017, https://modern.az/az/news/133411].

 Siyasi münasibətlər

Qeyd edildiyi kimi, Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra Türkiyə Cümhuriyyəti ilə çoxcəhətli sıx əlaqələrin qurulması xarici siyasətinin əsas istiqamətlərindən birini, hətta ən mühüm istiqamətini  təşkil etmişdir. Qeyd edək ki, keçmiş Sovetlər Birliyi məkanında müstəqillik qazanmış beş türk dövlətindən coğrafi cəhətdən Türkiyəyə ən yaxın və xarici siyasət fəaliyyətində ona daha çox önəm verəni də məhz Azərbaycan olmuşdur. Bu gün dünyanın siyasi xəritəsində mühüm mövqeyə, gücə malik Türkiyə XXI əsrin əvvəllərindən regionda və dünyada əsas söz sahiblərindən birinə çevrilib. Təsadüfi deyil ki, Türkiyə “Böyük İyirmilik” ölkələri içərisində ən sürətlə in­kişaf edən iqtisadiyyata malik ölkələrdən biri kimi böyük nüfuz qazanıb. İllərdir ki, Azərbaycan–Türkiyə əməkdaşlığı uğurla inkişaf edir. Ortaq maraqların və dəyərlərin birləşdirdiyi bu iki ölkə dünya miqyasında ən yaxın strateji müttəfiqlər kimi daim bir-birinin yanındadır. Azərbaycan–Türkiyə dostluq və qardaşlıq münasibətləri regionda əmin-amanlığın və sabitliyin qorunma­sına mühüm töhfədir. Qarşılıqlı faydalı əməkdaşlıq, həyata keçirilən birgə layihələr strateji tərəfdaşlığın daha da möhkəmlənməsini şərtləndirir. İki qardaş və dost ölkənin münasibətləri milli, mənəvi və mədəni dəyərləri ilə bir-birinə eyni köklərlə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanır. Hazırda dünyada bir-birinə bu qədər yaxın, dogma olan ikinci bir nümunə göstərmək mümkün deyil. Bu mənada türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadələri bu münasibətlərin, bu əməkdaşlığın əsl mahiyyətini əks etdirir.

Müstəqilliyin ilk illərindən etibarən qardaş ölkə Azərbaycanın dövlət quruculuğu yolun­da atdığı addımları daim dəstəkləyib, böyük dövlətlərin iştirak etdiyi tədbirlərdə Azərbaycan naminə haqq səsini ucaldıb. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanı tanı­yan ilk dövlətin də Türkiyə Respublikası olması, təsadüfi deyildir. Ölkəmizin ən ağrılı problemi olan Qara­bağ münaqişəsinin həllində Türkiyənin həmişə Azərbaycan xalqının yanında olması böyük dostluğumuzun, qardaşlı­ğımızın ifadəsi və həmrəyliyimizin rəmzi kimi diqqət çəkib.

Rəsmi Bakı və Ankara beynəlxalq təşkilatlar çərçivəsində də həmrəylik nümayiş etdirirlər. Azərbaycanla bağlı istənilən sənədin BMT, Avropa Şurası, ATƏT və digər nüfuzlu təşkilatlar çərçivəsində müzakirəsi zamanı ölkəmiz birinci olaraq Türkiyənin dəstəyini hiss edib. Eyni zamanda, rəsmi Bakı da Ankaraya daim birmənalı dəstək nümayiş etdirib.

Prezident İlham Əliyev 2003-cü ildən bu yana daim türk dünyasının birliyinin daha da möhkəmləndirilməsinin, eləcə də Türkiyə ilə münasibətlərin ən yüksək səviyyəyə çatmasının təşəbbüskarı kimi çıxış etmiş, bu istiqamətdə müsbət nəticələri olan bir sıra konkret addımlar atmışdır. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatlarının Bakı Forumu ümumtürk birliyinin daha da möhkəmlənməsinə mühüm təkan vermişdir. Bu gün hər iki ölkə rəhbərliyinin qarşılıqlı münasibətlərin prinsiplərini uğurla müəyyənləşdirmələri dövlətlərimizin və ümumən türk dünyasının birliyinin, həmrəyliyinin qırılmazlığını şərtləndirmişdir.

15 iyun 2021-ci il tarixində dövlət başçıları tərəfindən “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması əməkdaşlığımızın genişləndirilməsi üçün yeni imkanlar açır. Bəyannamə münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldiyini birmənalı şəkildə ifadə etmişdir. Eyni zamanda, Azərbaycan Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyə Respublikasının mənəvi-siyasi dəstəyini yüksək qiymətləndirmişdir. Həmçinin qeyd edilmişdir ki,  tərəflər Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklər. Bu kontekstdə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının xüsusi coğrafi vəziyyəti nəzərə alınacaqdır. Tərəflər Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyətinə verdiyi töhfənin regiondakı sülhün, sabitliyin və rifahın təmin edilməsində mühüm rol oynadığını vurğulayırlar [Şuşa bəyannaməsi].

Müttəfiqlik münasibətlərini təmin edən digər bir məsələ də qarşılıqlı müdafiə məsələsidir ki, bununla əlaqədar da bəyannamədə xüsusi qeydlər edilmişdir: “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır” [Şuşa bəyannaməsi]. Bəyannamənin qeyd ediləsi ən mühüm məqamlarından biri də onun hər hansı digər dövlətə qarşı çevrilmədiyinin ifadəsidir. Ümumiyyətlə, bəyannəmə Azərbaycan ilə Türkiyə Respublikaları arasında formalaşmış münasibətlərinin ifadəsidir, hər iki tərəfin maraqlarına cavab verməklə yanaşı, regionda sülh və təhlükəsizliyin təminatçısı kimi çıxış edir.

Ermənistan- Azərbaycan Dağlıq Qarabağ probleminin həlli istiqamətində tərəfdaşlıq və hərbi əməkdaşlıq

Bütün digər sahələrdə olduğu kimi, hərbi əməkdaşlıq sahəsində də Azərbaycan və Türkiyə reespublikaları arasında dərin əməkdaşlıq və tərəfdaşlıq münasibətləri vardır və bu münasibətlər mütttəfiqlik səviyyəsinə qədər də yüksəlmişdir. Məlumdur ki,  hələ ötən əsrin 80-ci illərinin sonlarından Ermənistanın əsassız ərazi iddiaları və etnik təmizləmə siyasəti nəticəsində dərinləşən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müharibəyə çevrilmiş, 1994-cü ilə qədər davam edən birinci müharibə zamanı Azərbaycanın 20 faizədək ərazisi işğal edilmiş, 1 milyondan artıq soydaşımız öz ata-baba torpaqlarından didərgin salınaraq qaçqın və məcburi köçkünə çevrilmişdi. Sovet İttifaqının dağılması və Azərbaycanın müstəqillik qazanması ilə Türkiyə ilə Azərbaycan arasındakı hərbi əməkdaşlıq yeni müstəvidə formalaşmağa başlamışdır. Azərbaycanın regional təhlükəsizlik ehtiyaclarını nəzərə alan qardaş respublika bunu həm də Türkiyənin də regionda güc və söz sahibi olması kimi dəyərləndirərək dövlətimizin hərbi cəhətdən güclənməsinə çalışmış və mümkün bütün vasitələrlə dəstəyini göstərmişdir.2018-ci il sentyabrında Bakıya səfəri zamanı çıxışında Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsinin Türkiyə üçün də eyni dərəcədə ağrılı problem olduğunu bildirən Rəcəb Tayyib Ərdoğan Azərbaycanın sevinci, bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir, Azərbaycan kədərlənərsə, biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik sözlərini diqqətə çatdıraraq bildirmişdir: “Türkiyə olaraq problemin həlli üçün Azərbaycanın göstərdiyi səyləri sonadək dəstəkləməyə davam edəcəyik. İllərdir Vətən həsrəti ilə ömür sürən bir milyondan çox qardaşımızın intizarına artıq son qoymaq vaxtıdır. Qardaş Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayanların, bir milyondan çox qardaşımızın öz vətəninə qayıtmasına mane olanların bizdən sərhədlərimizi açmağımızı gözləmələri əbəsdir. Türkiyənin bu məsələdə mövqeyi məlumdur, aydındır, dəqiqdir. Əvvəla, bu məsələdə addım atmalı olan tərəf işğalçılardır, bir milyon qardaşımızın qəlbini doğma vətən həsrəti ilə yandıranlardır. Əlbəttə, biz bütün qonşularımızla yaxşı əlaqələr qurmağı və davam etdirməyi arzu edirik. Amma Dağlıq Qarabağ probleminin həlli Ermənistanla əlaqələrimizin bərpasının ən vacib şərtidir. Bunu hamı bilməlidir”[ https://president.az/az/articles/view/29993].          Müxtəlif vaxtlarda iki ölkənin hərbi strukturlarının nümayəndələri qarşılıqlı səfərlərdə olmuş, iki ölkə arasında hərbi müqavilə, hərbi əməkdaşlıq haqqında sazişlər və protokollar imzalanmışdır. Ötən əsrin 90-cı illərindən başlayaraq Türkiyə hərbçiləri Azərbaycan Silahlı Qüvvələrinin təlim-təhsil işində yaxından iştirak etməyə başlamış, sonralar hərbi əlaqələr bir çox sahələri əhatə etmişdir. İki qardaş ölkə ordularının əməkdaşlığı yönündə ilk hüquqi addım 11 avqust 1992-ci ildə imzalanan hərbi təhsil sahəsində əməkdaşlıq haqqında müqavilənin bağlanmasıyla  atılmışdır.  1996-cı il iyunun 10-da  imzalanmış “Hərbi sahədə təhsil, texniki və elmi əməkdaşlıq razılaşması” çərçivəsində Türkiyə ilə Azərbaycan hərbi təhsil sahəsində əməkdaşlıq edir. Türkiyə Silahlı Qüvvələrinin təhsil müəssisələrində minlərlə azərbaycanlı zabit hazırlanmışdır. Bu günə qədər Türkiyə Silahlı Qüvvələrinin təhsil müəssisələrində 5000-ə yaxın azərbaycanlı hərbçi təhsil alıb. [Karakoyunlu A., Türkiyə və Azərbaycanın müdafiə sənayesi sahəsində əməkdaşlığı genişlənir, Xalq Qəzeti, 14 Noyabr 2021 – https://xalqqazeti.com/az/news/89621] Türkiyə həmçinin Azərbaycan hərbi məktəblərində zabit hazırlığı məsələsində də öz köməkliyini göstərmişdir. Belə ki,   Azərbaycan Ordusunun zabit ehtiyacını qarşılayan ən əsas təhsil müəsəsələrindən biri olan Bakı Ali Hərbi məktəbi də Türkiyənin aktiv iştirakı və köməyilə NATO standartlarında təhsil verən tədris mərkəzi halına gətirilmişdir. İndiyə qədər müdafiə nazirlirlikləri arasında təmənnasız hərbi yardım, maliyyə yardımı, müdafiə sənayesi, təlim-tədris və maddi-texniki təminat sahələrində əməkdaşlıq haqqında, Kosovo Türk Taburu tərkibində Kosovoya gedəcək Azərbaycan tağımının fəaliyyətinə dair saziş, Daxili Qoşunların şəxsi heyətinə  Türkiyənin Quru Qoşunlarının Ali Hərbi Məktəbində təlim-tədris verilməsi haqqında protokol və digər çoxsaylı saziş və müqavilələr imzalanmışdır. İmzalanan həmin müqavilələr Azərbaycan və Türkiyə Respublikaları arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsi üçün hüququ baza rolunu oynamışdır. 2010-cu il sentyabrın 15-də imzalanmış “Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması” haqqında Birgə Bəyannamə əlaqələrin in­kişafında yeni mərhələnin əsasını qoydu. Bəyannamənin  ən mühüm hissəsindən birini də hərbi sahədə əməkdaşlıq məsələləri təşkil etmişdir və bununla əlaqədar qeyd edilmişdir ki, “hərbi və təhlükəsizlik məsələlərində əlaqədar təşkilatlar arasındakı əməkdaşlıq və qarşılıqlı fəaliyyət gücləndirilərək davam etdiriləcəkdir. Şuraya hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığa dair məlumat və təkliflər müvafiq nazirlər tərəfindən təqdim olunacaqdır” [Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqqında Birgə   Bəyannamə, https://e-qanun.az/framework/21161]. Bunlardan başqa 2010-cu ilin avqustunda iki ölkə arasında 23 maddədən ibarət Strateji Əməkdaşlıq Sazişi də imzalanmışdır. [Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə,

https://e-qanun.az/framework/21158] Saziş özündə  “Hərbi-siyasi və təhlükəsizlik məsələləri”, “Hərbi və hərbi-texniki əməkdaşlıq məsələləri” kimi bölmələri də əhatə edir. Həmin sazişə əsasən,  “tərəflərdən biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldıqda, onlar…hərbi imkan və qüdrətlərindən istifadə etmək də daxil olmaqla, mövcud imkanları çərçivəsində bütün zəruri tədbirlərin görülməsi məqsədi ilə bir-birinə qarşılıqlı yardım göstərəcəkləri barədə” razılığa gəlmişdir. Müqavilə həmçinin, hərbi  əməkdaşlığın hansı istiqamətdə həyata keçiriləcəyi məsələsinə də aydınlıq gətirmişdir. Belə ki, müqavilənin 9-cu maddəsinə əsasən, tərəflər arasında müdafiə sahəsində əməkdaşlıq çərçivəsində nəzərdə tutulan tədbirlər aşağıdakı şəkildə həyata keçiriləcəkdir:

–   Tərəflərin müdafiə ehtiyacları və təhlükəsizliyi üçün müdafiə təyinatlı   məhsulların və maddi-texniki vasitələrin təchizatı;

–   müdafiə təyinatlı məhsulların yaradılması və istehsalı;

–   müdafiə təyinatlı xidmətlərin təqdim edilməsi;

–    birgə hərbi təlimlərin və müdafiə hazırlığı  üzrə tədbirlərin keçirilməsi;

–    silahlı qüvvələr üçün mütəxəssislərin hazırlanması;

–    silahlı qüvvələrin fəaliyyətinin arxa cəbhə təminatı;

–    hərbi tibb və səhiyyə;

–    qarşılıqlı razılığa əsasən digər sahə və məsələləri.

Göründüyü kimi, burada hərbi əməkdaşlığa dair demək olar ki, bütün məsələlər əhatə edilmişdir. Qeyd edilən sahələrdə əməkdaşlıq hansı səviyyədə həyata keçirildi və bunun nəticələri nələrdən ibarətdir? Sualına cavab vermək üçün aşağıdakı faktları sadalamaq olar. Əvvəla, Azərbaycan öz təhlükəsizliyini təmin etmək və ordunun müdafiə qüdrətini artırmaq üçün texnologiyanın yeni nailiyyətləri olan hərbi texnikalarla yüksək səviyyədə təmin olundu. Bunların içərisində Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. PUA-ları həm 2016-cı ilin aprel zəfəri, həm də 44 günlük Vətən müharibəsi zamanı qələbənin əldə edilməsində, müharibənin az itki və qısa zamanda yekunlaşdırılmasında müstəsna əhəmiyyət kəsb etdi. Digər bir tərəfdən isə, 2016-cı ilin iyulunda Azərbaycan prezidenti İ. Əliyevin imzaladığı fərmanla “Qızıl Şərq” hərbi şəhərciyində yerləşən bina və tikililər, Hacı Zeynalabdin qəsəbəsindəki aerodromda yerləşən bir terminal binası Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin istifadəsi üçün ayrılmışdır. Üçüncüsü, iki ölkə ordularının müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən yerdən və havadan zərbələr endirməklə düşmən hədəflərinin məhv edilməsi tapşırıqlarının yerinə yetirirlməsilə bağlı, zirehli texnika, artilerya qurğuları, hərbi aviasiya və hava hücümündan müdafiə qüvvələrinin də cəlb edilməsilə  həyata keçirilən çoxsaylı birgə təlimlər də birlik və əməkdaşlığın önəmli istiqamətlərdən birini təşkil etməkdədir. Yalnız 2020-ci ildə Azərbaycanla Türkiyə ordusu arasında 20-yə yaxın birgə təlim həyata keçirilməsini qeyd etmək hərbi əməkdaşlığın hansı səviyyədə inkişafının bariz nümunəsi kimi göstərilə bilər. Qeyd edilən müqavilə əsasında müəyyən edilmiş müddəaların yerinə yetirilməsi hərbi əməkdaşlığın yüksələn xətt üzrə inkişafını təmin etdi. Bunun nəticəsində Azərbaycan Qafqaz regionunun ən güclü ordusuna sahib olmaqla işğal olunmuş torpaqlarını silah gücünə geri qaytarmaq qüdrətini qazandı. İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə 44 gün ərzində tarixi qələbənin qazanılması da bunun əyani sübutudur.

Vətən müharibəsində tarixi zəfərin əldə edilməsi Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın yeni mərhələsinin bünövrəsini qoydu. Müttəfiqlik münasibətlərini formalaşdıran Şuşa bəyannaməsi də bunun əyani sübutu kimi çıxış etməkdədir.

Nəticə

Azərbaycan və Türkiyə respublikalarının qarşılıqlı əlaqələr, strateji əməkdaşlıq və tərəfdaşlığını şərtləndirən bir sıra mühüm faktorlar vardır və bu faktorlar ikitərəfli münasibətlərin formalaşması və inkişafında mühüm əhəmiyyət kəsb etmişdir. Bunların içərisində dil, din, etnik bağlılıqla yanaşı coğrafi mövqelər və siyasi münasibətlər, qarşılıqlı iqtisadi maraqlar, dövlət başçıları səviyyəsində dostluq və qardaşlıq münasibətləri, ortaq problemlərin birgə həlli istiqamətində atılan addımlar və s. xüsusi qeyd etmək lazımdır.

Azərbaycan-Türkiyə tərəfdaşlığı nəinki yerləşdiyimiz regionda əmin-amanlığın və sabitliyin bərqərar olmasına xidmət edir, həm də daha geniş coğrafiyada əməkdaşlığa töhfə verir. Zəfərlə yekunlaşmış 44 günlük Vətən müharibəsi və ondan sonra münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldən Şuşa bəyannaməsi qeyd edilənlərin əyani sübutu kimi çıxış etməkdədir.

Azərbaycan və Türkiyə respublikaları arasındakı münasibətlər bu gün də öz axarı ilə inkişaf etməkdədir. Hər iki dövlətin başçıları təkcə mehriban qonşuluq siyasətini deyil, ölkələrimizin daha da yaxınlaşmasını şərtləndirən mənəvi prinsipləri əsas götürərək tarixən mövcud olmuş əlaqələrin daha yüksək səviyyəyə çatdırılması üçün bütün zəruri addımları atırlar. Təməlində qırılmaz dostluq və qardaşlıq telləri dayanan Azərbaycan-Türkiyə əlaqələri bütün istiqamətlərdə strateji önəm daşıyır.

Namiq Məmmədov

Tarix üzrə fəlsəfə doktoru