Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"Azərbaycan-Türkiyə təlimləri bir gün döyüşə çevriləcək" - Hərbi ekspert

Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən iyun ayının 7-dən 11-dək Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimin son mərhələsi keçiriləcək.

Müdafiə Nazirliyindən bildirilib ki, təlimin məqsədi qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və onların birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaqdır.

“Sarsılmaz qardaşlıq-2019” təlimi Ermənistan mediasında daha geniş yer alıb. Belə ki, erməni tərəfi “Türk ordusu Naxçıvana girdi”, deyə xəbərlər tirajlayır. Bu təlimi özləri üçün təhlükə görürlər.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən hərbi ekspert Tərlan Eyvazov təlimlərdən danışıb.

O, bildirib ki, bu təlimlərin olduqca böyük əhəmiyyəti var:

“1921-ci ildə ermənilər Naxçıvana qarşı ərazi iddiaları irəli sürərkən, Türkiyə ilə Rusiya arasında Azərbaycan üçün çox mühüm olan Qars müqaviləsi imzalandı. Bu gün də Naxçıvanın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində toxunulmazlığı həmin müqavilə ilə qorunur. Son vaxtlar ermənilərin artan iştahası, Azərbaycan torpaqlarını işğal etməsi və dünya güclərinin buna müşahidəçi qalması, Azərbaycanın gücü və qüvvətinin olmasına baxmayaraq torpaqlarını işğaldan azad etməsinə imkan verilməməsi erməniləri daha da ruhlandırır.

Naxçıvan məsələsində erməni kilsəsinin və siyasilərinin rəyi birdir: Naxçıvan tarixi erməni torpaqlarıdır. Onların strategiyasında Qarabağ kimi, Naxçıvanın da işğalı nəzərdə tutulur. Ermənistan hökuməti çəkinmədən Naxçıvanın Ermənistanın tərkibinə qatılmasını elan edir. Bütün bu məsələlər, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin məhz Naxçıvan ərazisində genişmiqyaslı təlimlər keçirməsinə gətirib çıxarır. Təlimlərin hərbi sahədə olduğu kimi, siyasi və diplomatik sahədə də böyük əhəmiyyəti var. Xatırlamaqda yarar var ki, 2012-cu ildə Azərbaycan və Türkiyə arasında olduqca böyük strateji müqavilə imzalanıb. Müqaviləyə əsasən iki qardaş ölkənin orduları mütəmadi olaraq genişmiqyaslı təlimlər keçirirlər”.

Tərlan Eyvazov onu da qeyd edib ki, düşmənlər bu təlimlərdən narahat olmalıdırlar:

“İnanmaq istərdim ki, bu təlimlər bir gün döyüşə çevriləcək. Bir gün bu təlimlərin nəticəsi olaraq Azərbaycan işğal altındakı torpaqlarını azad edəcək. Ermənistanda olan təlaşlar, narazılıqlar hamısı onu göstərir ki, düşmən bu təlimlərdən narahatdır. Ermənistandakı vəziyyətə baxdıqda isə görürük ki, yeni hakimiyyət qarşısına qoyduğu heç bir məqsədə nail ola bilmədi. Ordunun özündə ciddi qarşıdurmalar var. Türkiyə və Azərbaycanın ortaq düşmənlərinin bu təlimlərdən narhat olmağa ciddi əsasları var”.

Qeyd edək ki, Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordusunun və Naxçıvan Muxtar Respublikanın güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələrinin iştirakı ilə keçirilən təlimə 5000-ə qədər şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 ədəd təyyarə, helikopter, pilotsuz uçuş aparatı və silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və hərbi texnika nümunələri cəlb olunacaq.

Səxavət Məmməd

www.yenicag.az

1867
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM