Azərbaycan üçün mühüm PLATFORMA: “COP29 tədbiri dünyanın diqqət mərkəzində olacaq”

COP29 BMT-nin iqlim dəyişikliyi üzrə növbəti böyük konfransı olaraq, Azərbaycanın iqlim siyasəti və davamlı inkişaf hədəfləri baxımından əhəmiyyətli perspektivlər yaradır. Bu beynəlxalq tədbir Azərbaycanın qlobal iqlim dəyişikliyi ilə mübarizədəki rolunu və öhdəliklərini genişləndirmək üçün mühüm bir platforma olacaq.

COP29 çərçivəsində Azərbaycan iqlim dəyişikliklərinin təsirlərini azaltmaq, karbon emissiyalarını azaltmaq və enerji sektorunda yaşıl texnologiyaların tətbiqini artırmaq kimi strateji prioritetləri müzakirə etmək imkanına malik olacaq. Həmçinin, bu konfrans Azərbaycanın beynəlxalq əməkdaşlıqları gücləndirməsinə və qlobal iqlim müqavilələrinə daha fəal inteqrasiya olunmasına şərait yaradacaq.

Bu perspektivlər ölkənin uzunmüddətli davamlı inkişaf planları və milli iqtisadiyyatın diversifikasiyası üçün vacibdir, çünki Azərbaycan neft və qaz sektorundan asılılığını azaltmağa və bərpa olunan enerji mənbələrinə keçidə önəm verir. COP29 Azərbaycanın bu sahədəki səylərini dünyaya təqdim etmək və beynəlxalq dəstək qazanmaq üçün ideal məqam olacaq.

Türk Ağsaqqalları Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk Yenicag.az-a açıqlamasında təsdiqləyib ki, Azərbaycanın ev sahibliyi ilə keçiriləcək COP29 tədbiri dünyanın diqqət mərkəzində olacaq:

“Tədbir Azərbaycanın qlobal səviyyədə baş verən hadisələrə münasibətinin təzahürü kimi qəbul edilir. Qeyd edək ki, 80-dən artıq dünya liderinin tədbirdə iştirak edəcəyi gözlənilir. Bu həm də ölkəmizə olan diqqəti artıracaq. Dünya mediası ölkəmizlə bağlı xəbərlər, reportajlar hazırlayacaq. Təbliğat nöqteyi-nəzərindən də uğurlu tədbir olacaq.

Həmçinin Azərbaycan COP29 tədbirini keçirməklə, bu günə qədər ölkəmizin beynəlxalq səviyyədə keçirtdiyi tədbirlərin davamı kimi tarixə düşəcək. Azərbaycan bu cür səviyyəli və önəmli tədbiri yüksək səviyyədə təşkil edəcəyinə heç kimin şübhəsi ola bilməz. Azərbaycan bu istiqamətdə önəmli təcrübəyə malikdir”.

Rafi Müslümov

COP29