Azərbaycan üçün tətikdə olmaq ZƏRURƏTİ: “Ermənilərin toparlanmasına imkan verməməliyik”

“Paşinyan hakimiyyəti nə qədər çalışsa da, ermənilərin ictimai şüurunu dəyişə bilmir”.

Bu fikirləri Ermənistanda müharibə ritorikasının yenidən artması və yaxın illərdə mümkün müharibə ehtimalı barədə danışan hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov bildirib ki, indiki şəraitdə arxayınlaşmaq Azərbaycana böyük zərər verə bilər:

“Arxayınçılıqdan qurtulmaq lazımdır. Kimlə qonşu olduğumuzun, kimlə münaqişə apardığımızın fərqində olmalıyıq. Əgər ermənilər 100 ildir ki, Türkiyədən əl çəkmirlərsə, Azərbaycandan heç əl çəkməyəcəklər. Digər tərəfdən, Azərbaycan onlara elə zərbə vurub ki, ermənilər tarix boyu hələ bu cür sarsılmamışdılar.

Bildiyiniz kimi, onlarda konkret erməni ideologiyası mövcuddur. Məsələ sadəcə, kimlərinsə müharibə olacağına dair proqnozu ilə yekunlaşmır. Bu çərçivədə hazır strukturları, təşkilatları, həmçinin kilsələri var. Bütün formalarda təbliğat aparırlar. Ermənilər aldıqları zərbələrdən nəticə çıxarmadan “köhnə havaya” oynayırlar.

Paşinyan hakimiyyəti nə qədər çalışsa da, ermənilərin ictimai şüurunu dəyişə bilmir. Onlar 5-10 il ərzində özlərinə gələcəklər və planlarını gerçəkləşdirməyə çalışacaqlar. Ola bilsin, indiki mərhələdə daha tez toparlanıb, yenidən aqressivləşsinlər.

Ona görə də, məsələni tezliklə həll etmək lazımdır. Onlarla sülh müqaviləsi, çərçivə sazişi imzalansa belə, arxayınlaşmaq olmaz. Ermənilər hətta Qars müqaviləsindən çıxdıqlarını bəyan ediblər. İmzalayacaqları sülh müqaviləsindən də imtina edə bilərlər. Ona görə də, ermənilərin güclənməsinə imkan vermək olmaz”.

Səxavət Məmməd

COP29