Azərbaycan üçün YENİLİK: “COP29 ölkəmizdə keçiriləcək ən böyük tədbirdir”

“Azərbaycan son illər yaşıl enerjiyə üstünlük verir, çevrəyə daha çox diqqət ayırmağa başlayıb”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında noyabr ayında Azərbaycanda keçiriləcək COP29 tədbirinin önəmliliyi haqda danışan ekoloq Qorxmaz İbrahimli deyib.

Onun sözlərinə görə, noyabr ayında Bakıda keçiriləcək COP29 tədbiri əlbəttə Azərbaycan üçün yenilikdir:

“Noyabr ayında Bakıda keçiriləcək COP29 tədbiri əlbəttə Azərbaycan üçün yenilikdir. COP29 ölkəmizdə keçirilmiş və keçiriləcək ən böyük tədbirdir. Bu mənada əlbəttə, Bakının təbliği, onun beynəlxalq təşkilatlar tərəfindən görülməsi, ölkəmizin tanınması yaxşı haldır. COP29 əslində Bakının şəraiti nəzərə alınaraq keçirilir. Azərbaycan son illər yaşıl enerjiyə üstünlük verir, çevrəyə daha çox diqqət ayırmağa başlayıb. Azərbaycan elə bir karbon monoksid buraxan, təbiətə, iqlim dəyişikliyinə zərər verən ölkə, ağır sənaye ölkəsi deyil ki, burada sözügedən konfrans keçirilsin və Azərbaycana nəsə tövsiyə olunsun. Əksinə, bu dediyim kimi ölkəmizin təbliğatı baxımından daha yaxşıdır”.

Q.İbrahimli qeyd edib ki, hazırda bizim əhalimizin çevrə duyarlılığı, ətraf mühitə münasibəti aid qaydadadır:

“Lakin orta məktəblərimizdə, dərsliklərimizdə, Azərbaycan Dövlət Mədəniyyət Nazirliyimizdə bu iş aparılırmı? Mən deyərdim ki, xeyr. Xalq öz gücü, enerjisi ilə təbiətə normal münasibət göstərir. Zərər verənlər yoxdurmu? Kifayət qədər var. Xüsusilə, Bakı şəhərində ən azından son 20 ildə qırılmış ağacların sayına, vurulmuş zərərə baxsaq görərik ki, məmur iş adamlarının çoxunu şəhərin gözəlliyi, oksigen alımı ilə deyil, cibləri ilə maraqlanır”.

İsmayıl Bakuvi

COP29