Azərbaycan Universitetində 20 Yanvar hadisələri anıldı

Azərbaycan Universitetinin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib.

Yenicag.az xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş 20 Yanvar şəhidlərinin məzarlarına qərənfillər düzülüb, xatirələri ehtiramla yad edilib.

Ziyarətin ardından Universitetin tədris binasında 20 Yanvar hadisələrinin 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbir açıq elan edildikdən sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə 20 Yanvar hadisələrinin səbəb və nəticələri haqqında məlumat verilib, sovet imperiyasının süqutunda və Azərbaycanın müstəqilliyini bərpa etməsində oynadığı rola diqqət çəkilib. Qeyd olunub ki, 20 Yanvar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinə öz möhrünü vurmuş bir gün və böyük bir prosesin başlanğıcında əsaslı dönüş nöqtəsidir. Bildirilib ki, Bakı şəhəri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə milli azadlıq hərəkatını boğmaq və SSRİ-də yaşayan digər xalqları qorxutmaq üçün poliqon kimi istifadə olunub. Amma törədilmiş dəhşətli cinayət Azərbaycan xalqının iradəsini qıra bilməyib, əksinə milli azadlıq hərəkatının daha da yüksəlməsi və Azərbaycanın müstəqilliyini bərpa etməsi ilə nəticələnib.

Tədbirdə qanlı hadisədən bir gün sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək mətbuat konfransı keçirməsi və imperiyanın Azərbaycan xalqına qarşı ikili siyasətini dünya ictimaiyyəti qarşısında ifşa etməsi böyük tarixi hadisə kimi qiymətləndirilib.

Qeyd olunub ki, artıq tarixiləşmiş hadisə olan 20 Yanvar genetik yaddaşımızda xalqımızın fəxarət və şərəf günü, tariximizin şanlı səhifəsi kimi qalmalı, gənclər şəhidlərin qanlarının hədər yerə axmadığını əməlləri ilə sübut etməlidirlər. Şəhidlərimizin əziz xatirəsini daim uca tutmalı, unutmamalı, unutdurmamalıyıq. Bu, hər bir azərbaycanlının müqəddəs borcudur.

Tədbirin sonunda 20 Yanvar faciəsindən bəhs edən film nümayiş olunub./Trend/