Elmar Məmmədyarov: “Danışıqlar nəticəsində ərazilər işğaldan azad olunmazsa, Azərbaycan öz ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını təmin etmək üçün bütün addımları atacaq”
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində ATƏT Minsk Qrupunun həmsədrləri (Amerika Birləşmiş Ştatlarından Ceyms Uorlik, Rusiya Federasiyasından İqor Popov, Fransadan Pier Andryu) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin iştirakı ilə Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan ilə görüşüb.
Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, E. Məmmədyarov tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar Azərbaycanın mövqeyi qəti şəkildə bir daha vurğulanıb. Ermənistanın Azərbaycan ərazilərini işğalına əsaslanan mövcud status kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu deyən nazir Azərbaycanın öz ərazilərinin işğalı ilə heç zaman barışmayacağını bildirib. O, Ermənistanın müxtəlif təxribatçı addımlar, o cümlədən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca vəziyyətin gərginləşdirilməsi ilə danışıqlar prosesinə xələl gətirmək məqsədi güddüyünü qeyd edib, Ermənistanın əsl məqsədinin təcavüz və işğalın davam etdirilməsi olduğunu söyləyib.
E. Məmmədyarov Ermənistanın hər vəchlə əsl etimad quruculuğu tədbiri olacaq Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmasının təmaslarına imkan vermədiyini diqqətə çatdırıb. Nazir bir daha vurğulayıb ki, münaqişənin həlli üçün işğal olunmuş ərazilərdən Ermənistanın silahlı qüvvələri çıxarılmalıdır. O qeyd edib ki, Azərbaycan münaqişənin həlli üçün danışıqlar prosesində iştirak edir, lakin danışıqların nəticəsində ərazilər işğaldan azad olunmazsa, Azərbaycan öz ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını təmin etmək üçün bütün zəruri addımları atacaq. Atılacaq hər hansı addımın bütün məsuliyyəti işğalçı və təcavüzkar dövlət kimi tam şəkildə Ermənistanın üzərinə düşəcək(APA).