“Ermənistanda baş verənlər, xüsusilə də sərhəddəki delimitasiya prosesinə əngəl olmağa çalışmaq cəhdləri göz önündədir. Müxalifət və kilsənin təzyiqi ilə kəndlilər vəziyyəti nə qədər ləngitməyə çalışsalar da, bütün hallarda görünən odur ki, Ermənistan hakimiyyəti bu məsələdə qərarlıdır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Oktay Qasımov deyib.
Politoloq mayın 10-da Qazaxıstanın Almatı şəhərində keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ikitərəfli görüşü ilə bağlı fikirlərini bildirib.
O. Qasımovun fikrincə, bu gün sərhədyanı Güney kəndinə təhlükəsizlik qüvvələrinin cəlb olunması, eləcə də bölgədə demarkasiya və ölçmə işlərinin aparılması onu göstərir ki, Ermənistan hakimiyyəti məhz bu məsələ ilə bağlı mövqeyində ardıcıldır. Onun sözlərinə görə, bu ardıcıllıq və prinsipiallığın davam etməsi, proseslərin inkişafına xidmət göstərəcək.
“O ki qaldı proseslərin gedişində xarici işlər nazirlərinin vasitəçilərsiz ikitərəfli görüşünün keçirilməsinə, əlbəttə ki, bu, müsbət hadisə kimi dəyərləndirilməlidir. Amma bu görüşdə böyük ölçüdə ciddi dönüş olacağı və proseslərin çox ciddi sıçrayışla irəli aparılacağına dair bir gözləntimiz yoxdur. Sadəcə olaraq, Almatı görüşü müsbət bir tendensiya kimi qəbul olunmalı, onun keçirilməsi müsbət qiymətləndirilməlidir. Nəticələr isə tədricən əldə edilməlidir”, – deyə həmsöhbətimiz əlavə edib.
Siyasi ekspert hesab edir ki, bütün bunlara baxmayaraq, bir çox istiqamətlərdə fikir ayrılıqları hələ də qalmaqdadır:
“Xüsusilə də kommunikasiyaların açılması məsələsi hələ çözülməyib. O cümlədən, Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı məsələlər gündəmdədir. Bundan başqa, sülh müqaviləsinə irəliləmək üçün bir sıra problemlər var ki, bunlardan biri də dəqiq mina xəritələrinin verilməsi məsələdir. Çünki bu günə qədər təqdim olunan xəritələrin dəqiqlik faizinin təxminən 25%-ə qədər olduğu məlumdur. Məhz sözügedən xəritələrin verilməməsi həm iki ölkə arasındakı münasibətlərdə gərginliyi saxlayır, həm Azərbaycanın həyata keçirmək istədiyi bərpa-quruculuq işlərinin qarşısını alır, həm də qaçqın düşmüş soydaşlarımızın geri qaytarılmasında bir sıra əngəllər törədir”.
O qeyd edib ki, burada digər məsələlər mövcud olsa da, rəsmi Bakı İrəvanın bəhanələrini zərərsizləşdirmək və prosesi irəlilətmək üçün cari il ərzində, ən azı, çərçivə sazişinin imzalanmasını istəyir və bunu məqbul sayır.
“Təbii ki, məsələnin detallı hissələri sonrakı dövrlərdə də ola bilər. Hər halda, mayın 10-da keçiriləcək görüşü birbaşa təmasların qurulması və prosesin davam etdirilməsi baxımından müsbət qiymətləndirmək olar”, – o, fikirlərini tamamlayıb.
Rafi Müslümov