Noyabrın 18-də Azərbaycanın Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub.
Bu barədə Yenicag.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Telefon danışığı əsnasında hökumət başçıları Azərbaycan ilə Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə bir-birilərini təbrik ediblər.
Çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək kimi möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin hazırkı yüksək səviyyəsindən məmnunluq ifadə olunub.
İki ölkə arasındakı yüksək səviyyəli təmasların, qarşılıqlı səfərlərin Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafındakı rolu təqdir edilib, bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin oktyabr ayında Gürcüstana baş tutmuş səfərinin əhəmiyyəti xüsusi vurğulanıb.
Telefon danışığı zamanı, həmçinin Azərbaycan ilə Gürcüstan arasında siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar və bir çox digər istiqamətlərdə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.
Baş nazir İrakli Qaribaşvili cari ilin dekabr ayında Tbilisi şəhərində iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı Baş nazir Əli Əsədovu bir daha Gürcüstana səfərə dəvət edib. Səfərin Azərbaycan-Gürcüstan əməkdaşlığının gündəliyində duran məsələlərin nəzərdən keçirilməsi baxımından faydalı olacağına əminlik ifadə olunub.