Azərbaycan və İran prezidentləri görüşdü – FOTO

İyunun 29-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub.

Yenicag.az xəbər verir ki, İran Prezidentini salamlayan Azərbaycan Prezidenti İlham Əliyev dedi:

– Sizi görməyimə çox şadam. Keçən dəfə də burada – Türkmənistanda görüşmüşdük, bu dəfə də. Keçən görüşdən sonra münasibətlərimizə çox gözəl təkan verildi və əlaqələrimiz daha da sürətlə inkişaf etməyə başlamışdır. Hökumət üzvlərinin qarşılıqlı səfərləri təşkil edildi. Bir sıra məsələlərlə bağlı çox yaxşı irəliləyiş var, xüsusilə nəqliyyat, energetika və digər sahələrdə. Ona görə əminəm ki, bugünkü görüşdən sonra da əlaqələrimizin inkişafına növbəti təkan veriləcək və qardaş xalqlarımızın birgə gələcəyi təmin ediləcək. Xalqlarımızın ortaq tarixi münasibətlərimiz üçün çox gözəl təməldir.

x x x

İran Prezidenti Seyid İbrahim Rəisi dedi:

– Mehriban və bağışlayan Allahın adı ilə. Mən də Sizinlə görüşməkdən çox məmnunam. Düşünürəm, Xəzər dənizi ilə bağlı önəmli məsələlərdən biri budur ki, Xəzəryanı ölkələrin dövlət başçıları mütəmadi olaraq görüşürlər. Əlbəttə, Zati-alinizin Tehrana səfər etmək, mənim də Bakıya səfər etmək kimi planlarımız var. Lakin bizim belə platformalardan istifadə edib görüş keçirməyimiz də münasibətlərimizin inkişafına kömək edir. İki ölkə arasında münasibətlərin potensialı hazırda mövcud olandan daha çoxdur. Hesab edirəm ki, biz münasibətlərimizdə olan bir çox potensialdan tam istifadə edə bilməmişik. Düşünürəm ki, iki ölkə arasındakı siyasi, iqtisadi münasibətlər, ticarət, mədəniyyət əlaqələri mövcud olan vəziyyətdən daha da inkişaf etdirilə bilər.