Azərbaycan və Kolumbiya respublikalarının Xarici İşlər Nazirlikləri arasında video-konfrans formatında ilk konsulluq məsləhətləşmələri keçirilib.
Bu barədə Yenicag.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Kolumbiya nümayəndə heyətinə isə Kolumbiya Respublikası Xarici İşlər Nazirliyinin Avropa idarəsinin rəisi Patrisiya Kortes Ortis rəhbərlik edib.
Məsləhətləşmələr zamanı Kolumbiya ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması imkanları barədə fikir mübadiləsi aparılıb.
Eyni zamanda, danışıqlar zamanı iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, miqrasiya və daxili işlər sahələrində əlaqələrin inkişaf etdirilməsi, rəsmi sənədlərin leqallaşdırılması və ya onlara apostilin verilməsinin rəqəmsallaşdırılması, iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinin sadələşdirilməsi barədə müzakirələr aparılıb.