!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan və Qazaxıstan Böyük Türk Elinin mühüm hissələridir” – Madi Raimov  

!Reklam – Yazi

“Qazaxıstanlılar Azərbaycanın ürəyindəki Qarabağ yarası haqda az məlumatlıdırlar”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində qazaxıstanlı yazıçı, “Türklərin son dayağı”, “Cənubi Qafqaz türkləri”, “Bir dəfə Gürcüstanda” və “Dua” kitablarının müəllifi Madi Raimov deyib.

– İyunun 9-da Qazaxıstanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Seçki kampaniyası necə davam edir? Vətəndaş fəallığının səviyyəsi necə olacaq?

– Çəkinmədən deyə bilərəm ki, bu, çox darıxdırıcı bir seçkidir. Hakimiyyətin namizədi olan Tokayevi nəzərə almasaq, hər hansı bir təbliğat-təşviqat fəaliyyəti hiss edilmir. Şəhərdə yalnız onun təbliğat vərəqələrinə rast gəlinir. Məncə, səsvermə günü seçici fəallığı da aşağı səviyyədə olacaq.

– Namizədlərdən hansını daha şanslı hesab edirsiz?

– Aydın məsələdir ki, hazırda fəaliyyətdə olan cənab Kasım-Jomart Tokayev qalib gələcək. Əgər kampaniyanın gedişində müxalifətçi “Millətin taleyi” hərəkatının namizədi Amirjan Kosanovun “qanadlarını qırmasalar”, o, hakimiyyətin namizədinə müqavimət göstərə bilər. Ölkənin narazı elektoratı məhz Kosanova səs verəcək. O, hazırda hakimiyyətin əsas opponentidir.

– Dissidentlər arasında da fəallığın artdığı müşahidə olunur. Sosial şəbəkələrdə paylaşılan ekspert rəylərində seçkilərin nəticələri indidən şübhə altına alınır. Qazaxıstanda keçiriləcək seçkilərdə Ukraynada olduğu kimi, kəskin dönüş baş verə bilər?

– Hesab edirəm ki, yox. Əvvəla ona görə ki, Ukraynadan fərqli olaraq, Qazaxıstanda hakimiyyət çox güclüdür. Hakimiyyətin ətalətinə baxmayaraq, o bütün kənar təsirlərə reaksiya göstərmək imkanındadır. Məsələn, çoxuşaqlı analara göstərilən dövlət yardımı… Bu, bəlkə də gözlənilən miqyasda olmadı, amma bütün hallarda hökumət tərəfindən müəyyən addımlar atılır. Bununla belə, həyəcan siqnalları da var. İkincisi, müxalifətdə hakimiyyətlə mübarizədə narazı elektoratı arxasınca apara biləcək lider yoxdur.

– Belə fikirlər var ki, Nazarbayevin “gedişi” ilə ölkədə heç nə dəyişmədi və kimin seçilməsindən asılı olmayaraq, seçkilərdən sonra da hər hansı yenilik gözləməyə dəyməz – Çünki ölkəni hələ də Elbaşı (Nazarbayev) idarə edir. Dövlət idarəçiliyi metodunun dəyişməsi Qazaxıstana nə verərdi?

– Məncə, dəyişikliklər olacaq, amma bir anda deyil, qarşıdakı beş il ərzində ölkənin gələcəyinə təsir göstərəcək yeniliklər gözlənilir. Tokayev amorf şəxsiyyət kimi görünsə də, o, elə də sadə fiqur deyil və hələ çoxlarını təəccübləndirəcək. Tokayevin əsas üstünlüklərindən biri budur ki, o, hakimiyyətdaxili klanların heç biri ilə yaxın deyil, adı korrupsiya qalmaqallarında hallanmayıb. O, artıq çox şeyi dəyişməyə başlasa da, xalq və cəmiyyət bunu hələ hiss etmir.

– Seçkilərdən sonra Qazaxıstanın xarici siyasətində dəyişikliklər gözlənilir?

– Fikrimcə, siyasətdə heç nə dəyişməyəcək. Qazaxıstan həm Gürcüstan, həm də Ukrayna nümunəsinə baxaraq, yanlış addımların nə ilə nəticələnəcəyini bilir. Hər hansı istiqamətə doğru kəskin addımlar atılmayacaq. Tokayev SSRİ-nin süqutuna qədər SSRİ Xarici İşlər Nazirliyində, SSRİ-nin Çindəki səfirliyində işləyib. Bu isə o deməkdir ki, Tokayev diplomatiyanın və dünya siyasətinin incəliklərinə bələddir.

– Azərbaycanla Qazaxıstan bir çox sahələrdə fəal əməkdaşlıq edir və Bakı ilə Astana bəzi məsələlərdə strateji tərəfdaş hesab olunurlar. Bu münasibətlərin perspektivini necə görürsüz? İki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün qardaş xalqlarımızı birləşdirən ortaq dəyərlərdən – tarixi-mədəni bağlardan səmərəli istifadə edilir?

– Biz ilk növbədə qardaş xalqlar və Böyük Türk Elinin mühüm hissələriyik. Ancaq təəssüf ki, Qazaxıstan və Azərbaycan arasında əməkdaşlıq istənilən səviyyədə deyil. Qazaxıstanlılar Azərbaycanın ürəyindəki Qarabağ yarası haqda az məlumatlıdırlar. Biz bir-birimizlə daha çox ünsiyyətdə olmalı, tarixi və mədəni köklərimizi öyrənməli, yazıçılarımızın əsərlərini qarşılıqlı surətdə tərcümə etməliyik. Həmçinin, Şengen kimi viza rejiminin tətbiqi haqda da düşünmək olar. Məsələn, Azərbaycana gələn turist maneəsiz olaraq, Qazaxıstana da gedə bilsin. Bir sözlə, potensial çoxdur və əlaqələrin dərinləşdirilməsi üçün bütün variantları nəzərdən keçirmək lazımdır.

Qafqaz Ömərov

www.yenicag.az

2199
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv