Ər-Riyad şəhərində Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin üçüncü raundu keçirilib.
Bu barədə Yenicag.az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Valid Əl-Xureyci rəhbərlik edib.
Görüş zamanı iki ölkə arasında əlaqələrin gücləndirilməsi, siyasi, iqtisadi, energetika və humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Cari ilin noyabr ayında Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iki ölkə arasında mövcud əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdığı bildirilib.
Görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb, qarşılıqlı dəstəyin bundan sonra da davam etdirilməsi razılaşdırılıb.
Görüşdə postmünaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycan tərəfindən davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və orada həyata keçirilən bərpa-quruculuq işləri barədə qarşı tərəfə ətraflı məlumat verilib.
Görüşdə turizm, yaşıl enerji və investisiya qoyuluşu sahələrində əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğu vurğulanıb.
Siyasi məsləhətləşmələr zamanı, həmçinin regional, beynəlxalq məsələlər və birgə maraq kəsb edən digər mövzular da müzakirə olunub.
Səfər çərçivəsində Y.Rəfiyev həmçinin, Səudiyyə Ərəbistanı Krallığının enerji nazirinin davamlılıq və iqlim dəyişikliyi üzrə müavini Xalid Əl-Mehaid ilə də görüşüb.