Azərbaycan və Türkiyə AÇ-nin yarımfinalında!

Azərbaycan və Gürcüstanın birgə təşkilatçılığı ilə keçirilən qadın voleybolçular arasında Avropa çempionatında bu gün 1/4 final mərhələsinə yekun vurulub.

Yenicag.az xəbər verir ki, Bakıdakı Milli Gimnastika Arenasında bu gün daha iki oyun baş tutub. Öncə Azərbaycan millisi qrup mərhələsində 3:1 hesabı ilə məğlub etdiyi Almaniya ilə üz-üzə gəlib. Faiq Qarayevin çalışdırdığı kollektiv bu dəfə almanları set vermədən məğlub edib. Nəticədə, yığmamız adını yarımfinala yazdırıb.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da Azərbaycan və Almaniya voleybolçularının oyununa canlı baxıblar. Onlar milli komandamızın qələbəsini alqışlayıblar.

Mərhələnin son görüşündə isə Rusiya və Türkiyə yığmaları qarşılaşıb. Qrup mərhələsində bu komandalar arasında baş tutmuş görüşdə ruslar 3:1 hesabıyla qalib gəlmişdilər. Amma bu dəfə türklər şimal qonşularımıza set vermədən qalib gələrək yarımfinala vəsiqə qazanıblar.

AÇ-2017
1/4 final mərhələsi
29 sentyabr

Azərbaycan – Almaniya – 3:0 (25:20; 25:18, 25:21).

Rusiya – Türkiyə – 0:3 (25:27, 18:25, 20:25)

Beləliklə, AÇ-nin yarımfinalında aşağıdakı kollektivlər üz-üzə gələcəklər:

30 sentyabr
Hollandiya – Azərbaycan
Serbiya – Türkiyə

COP29