Azərbaycan və Türkiyə arasında ətraf mühitlə bağlı İş Proqramı İMZALANDI – FOTO

Azərbaycanda işgüzar səfərdə olan Türkiyə Respublikasının ətraf mühit və şəhərsalma naziri Murat Kurumun rəhbərlik etdiyi nümayəndə heyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyində qurumun rəsmiləri ilə görüşüb.

Yenicag.az-ın məlumatına görə, görüşdə ətraf mühitin qorunması, iqlim dəyişmələrinə təsirlərin azaldılması, tullantıların, o cümlədən plastik tullantıların düzgün idarə edilməsi, xüsusi mühafizə olunan təbiət əraziləri və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Həmçinin “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında ətraf mühitin qorunması sahəsində əməkdaşlığa dair Saziş”in tətbiqi üzrə İkiillik (2022-2023-cü illər) İş Proqramı imzalanıb.