Azərbaycan və Türkiyədən YENİ HƏMLƏ: “İğdır-Naxçıvan qaz kəmərinin inşası…” – Elşad Məmmədov / VİDEO

“Hökumət bu imkanlardan düzgün istifadə edərək Naxçıvanı sabit iqtisadi inkişaf mərkəzinə çevirə bilər”.

Qarabağın işğaldan azad olunmasının ardından Türkiyə ilə Azərbaycan arasında yeni qaz xətti inşa ediləcək. Məlumata görə, BOTAŞ və SOCAR-ın birgə həyata keçirəcəyi layihə çərçivəsində Türkiyənin İğdır vilayətindən Naxçıvan Muxtar Respublikasına (MR) təbii qaz tədarükü təmin olunacaq. İğdır-Naxçıvan qaz kəməri layihəsinin bir il ərzində tamamlanması planlaşdırılır.

Haqqında danışılan yeni qaz kəmərinin mümkün sosial-iqtisadi səmərəsini dəyərləndirən İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Yenicag.az-a açıqlamasında bildirib ki, İğdır-Naçıvan qaz kəmərinin istismara verilməsi iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə xidmət edəcək:

“Bununla yanaşı, həmin layihə fonunda Azərbaycan bölgədə sabitlik və yeni inkişaf imkanları əldə edəcək. Bu, olduqca mühüm hadisədir. Çünki hazırkı mürəkkəb siyasi-iqtisadi şəraitdə Azərbaycanın yerləşdiyi bölgədə sabitliyin təmin edilməsi olması çox vacibdir və bu istiqamətdə işlər mütləq aparılmalıdır.

İğdır-Naxçıvan qaz kəmərinin inşası elə infrastruktur layihələrdəndir ki, bu kəmərin icra və istismarı bütövlükdə bölgənin iqtisadi və sosial inkişafına təkan verə bilər. Bu gün bölgədə müxtəlif əməkdaşlıq platformalarının ciddi müzakirə mövzusu olduğunu nəzərə alsaq, qeyd olunan layihənin reallaşdırılması məqsədəuyğundur.

Uzun müddətdir, Naxçıvanın ölkənin digər regionları ilə iqtisadi əlaqələrinin məhdud olması və quru nəqliyyat dəhlizinin olmaması onun sosial-iqtisadi inkişafına mənfi təsir edib.

Mövcud şəraitdə isə Naxçıvanla Azərbaycanın digər əraziləri arasında dayanıqlı sosial və iqtisadi əlaqələrin bərpası üçün yeni imkanlar yaranıb. Azərbaycan hökuməti bu imkanlardan düzgün istifadə edərək Naxçıvanı sabit iqtisadi inkişaf mərkəzinə çevirə bilər”.

Gülşən Şərif