Azərbaycan və Türkiyənin XİN başçıları Qəhrəmanmaraşda dağıntılar olan ərazilərə baş çəkib, zərərçəkmişlərlə görüşdülər

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu Qəhrəmanmaraş şəhərindəki dağıntılar olan ərazilərə gəliblər.

Yenicag.az xəbər verir ki, hər iki nazir davam etdirilən axtarış-xilasetmə əməliyyatları ilə yaxından tanış olublar.

Daha sonra fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev Bayramov və Çavuşoğluna əməliyyatlarla bağlı məlumat verib.

Hər iki nazir zərərçəkmişlərlə söhbət edib. Çavuşoğlu dağıntılar altında qalmış şəxslərin tez bir zamanda çıxarılacağını deyib.

Qəhrəmanmaraşda hər iki nazirin iştirakı ilə mətbuat konfransının keçiriləcəyi nəzərdə tutulub./Report/