Azərbaycan və Yaponiya XİN nazirləri görüşdü – FOTO/YENİLƏNDİ

12:03

“Azərbaycan və Yaponiya ikitərəfli əməkdaşlığın inkişafı məsələsində böyük nəticələr əldə edib”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yaponiyalı həmkarı Taro Kono ilə görüşdən sonra keçirilən brifinqdə deyib.

XİN başçısı qeyd edib ki, bu gün Yaponiya biznesi Azərbaycanda geniş şəkildə təmsil olunur. Onun sözlərinə görə, ölkədə 30-dan çox Yaponiya şirkəti fəaliyyət göstərir. Eyni zamanda Yaponiya Azərbaycan iqtisadiyyatına, təxminən, 7 milyard dollar sərmayə qoyub, bunun da 100 milyon dolları qeyri-neft sektoruna aiddir.

Elmar Məmmədyarov həmçinin Yaponiyanın Azərbaycanın iştirak etdiyi “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizlərinə maraq göstərdiyini diqqətə çatdırıb./Report/

***

Azərbaycan və Yaponiyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Tara Kono arasında görüş başlayıb.

XİN-dən Yenicag.az-a verilən məlumata görə, səfər çərçivəsində Taro Kononun digər rəsmi şəxslərlə də görüşü nəzərdə tutulub.

Qeyd edək ki, Yaponiyanın xarici işlər naziri Taro Kono Azərbaycanda ikigünlük rəsmi səfərdədir.