Azərbaycan vətəndaşı Türkiyədə intihar edib

Azərbaycan vətəndaşı İstanbulda intihar edib, o, kimsəsizlər qəbiristanlığında basdırılıb

Yenicag.az APA-ya istinadən xəbər verir ki, İstanbulda tikintidə işləyən Zaqatala rayon sakini Əlizadə Rüstəm Əfrasiyab oğlunun meyiti iş yerində asılmış vəziyyətdə aşkar edilib.

Yaxınlarının dediyinə görə, intihar hadisəsi bu ilin mart ayında baş verib, lakin onun ölümü ilə bağlı məlumat ailəsinə bir neçə gün əvvəl çatdırılıb.

Yaxınları bildirir ki, R. Əlizadə ötən ilin dekabrında ailəsinə bildirmədən rayonu tərk edib. Yaxınları onun Rusiyaya işləməyə getdiyini düşünüblər. Lakin R. Əlizadənin ailəsi mayın 17-də Azərbaycanın Türkiyədəki səfirliyindən onun intihar etməsi barədə məktub alıb. Mərhumun atası hadisə ilə bağlı məlumat alan kimi dərhal Türkiyəyə gedib.

Araşdırmalar zamanı məlum olub ki, R. Əlizadə martın 7-də intihar edib. Onun asılmış meyiti işlədiyi tikintidə aşkar edilib. 14 gün müddətində R. Əlizadə ilə maraqlanan olmadığı üçün o, kimsəsizlər qəbiristanlığında dəfn edilib.

Artıq bir neçə gündür ki, mərhumun atası onun nəşinin Azərbaycana gətirilməsi üçün Türkiyə tərəfi ilə danışıqlar aparır. Lakin hələlik nəticə əldə olunmayıb.

Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan APA-nın Türkiyə bürosuna hadisə barədə məlumatlarının olduğunu bildiriblər. Qeyd olunub ki, konsulluğun əməkdaşları mərhumun atası ilə görüşərək, ona meyitin Azərbaycana aparılması üçün hansı addımların atılması barədə istiqamət veriblər: “Konsulluq da öz növbəsində bu məsələdə üzərinə düşən bütün vəzifələri yerinə yetirib, bundan sonra da yetirəcək”.

COP29