Azərbaycan vətəndaşları İraqa səyahət edərkən giriş vizalarını artıq bu ölkənin sərhəd-keçid məntəqələrində əldə edə biləcək.
Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov “X” sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, bununla bağlı İraq daxili işlər naziri müvafiq əmr imzalayıb.
“Bununla əlaqədar başda İraq Respublikasının Baş naziri olmaqla, bu ölkənin Daxili İşlər və Xarici İşlər nazirliklərinə təşəkkürümüzü bildiririk”, – səfir yazıb.