Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi milli sərvəti var" - Tarixi MÜSAHİBƏ

Reklam: Sinerji Pro

“O vaxt Heydər bütün əlaçı şagirdlər qarşısında məsələ qoymuşdu ki, sinifdə bir nəfər də olsun zəif şagird olmamalıdır”.

Müsahibimiz Azərbaycan Respublikasının xalq artisti Zəroş Həmzəyevadır.

– Siz Azərbaycanın görkəmli sənətkarlarından biri kimi geniş şöhrət qazanmısınız. Haqqınızda elmi araşdırmalar aparılıb, kitab yazılıb. Sizin tərcümeyi-halınızın böyük maraq doğuran bir cəhəti də respublikamızın prezidenti möhtərəm Heydər Əliyev cənabları ilə birgə eyni sinifdə təhsil almağınızdır. Bu böyük şəxsiyyətin məktəb illəri haqqında nə deyə bilərsiniz?

– Naxçıvan şəhərində yeni beynəlmiləl məktəb açılandan sonra bütün əlaçı şagirdlər həmin məktəbdə oxumağa başladılar. Günlərin birində bizim sinfimizə mütənasib bədənli, qonur gözlü, yaşıdlarından xarici görkəmi ilə fərqlənən bir oğlan qəbul olundu. Elə ilk gündən bu oğlan müəllim və şagirdlərin nəzər-diqqətini özünə cəlb etdi.

Əvvəla, o, son dərəcə səliqəli və təmiz geyimi ilə hamıdan seçilirdi. Sonrası isə biz onun biliyinə, yaddaşına, xəttinə, nitq mədəniyyətinə, şeir demək qabiliyyətinə valeh olduq. Qısa bir müddətdə hamının sevimlisinə çevrilmiş həmin oğlan sonradan ümumdünya şöhrəti qazanacaq böyük şəxsiyyət Heydər Əliyev idi.

– Zəroş xanım, yəqin ki, o dövrdə Sizin Heydər Əliyevlə bağlı yaddaşınızda xüsusi iz buraxmış bir hadisə və ya əhvalat da qalmamış olmaz.

– Elədir. Mən məktəb illərini yada salanda Heydər Əliyevlə bağlı bir çox məqamları göz önünə gətirirəm. Bugünkü nəhəng Heydər Əliyev necə öz xalqı üçün, ölkəsi üçün yanırsa, o dövrün Heydəri də öz sinif yoldaşları, öz məktəbi üçün o cür çalışır, can yandırırdı. O vaxt Heydər bütün əlaçı şagirdlər qarşısında məsələ qoymuşdu ki, sinifdə bir nəfər də olsun zəif şagird olmamalıdır. Bunun üçün xüsusi cədvəl tərtib edib, pis oxuyanlara əlavə məşğələlər keçirirdi.

– Möhtərəm Heydər Əliyev cənabları məktəb illərindən danışarkən öz sevimli müəllimlərindən riyaziyyatçı Tofiq Bəktaşi, ədəbiyyatçı Abbas müəllim və İbrahim Həmzəyevin adını xüsusi məhəbbətlə çəkir.

– Tofiq müəllimlə Abbas müəllim bizə məktəbdə dərs deyiblər. Ancaq İbrahim Həmzəyev o vaxtlar pionerlər evində dərnəklər aparırdı. Heydər Əliyev pionerlər evinin ən fəal üzvü kimi həm dram dərnəyinə gedir, həm də rəssamlıqla məşğul olurdu. İbrahim müəllim də onun istedadını yüksək qiymətləndirir, hamıya nümunə göstərirdi. Məktəbin bütün plakatlarını Heydər yazır, tərtibatını verirdi. Onunla İbrahim müəllim arasındakı münasibətlər o qədər səmimi idi ki, bu daha çox ata-oğul münasibətini xatırladırdı.

– Bildiyimə görə, sizin sinifdə oxuyan şagirdlərdən Rəşid Bağırov hərbçi, Əkbər Nəcəfov məşhur onkoloq kimi şöhrət tapmışlar. Heydər Əliyev fenomeninin yaranmasına yəqin ki, o dövrün mühiti də öz töhfəsini vermişdir.

– Mən o dövrün Naxçıvan mühitini sözlə təsvir edə bilmirəm. Naxçıvan sanki yatmış vulkanın birdən-birə püskürməsini xatırladırdı. Ədəbiyyata, incəsənətə, elmə maraq o dövrün Naxçıvanı üçün xarakterik idi. Burada Heydər Əliyevin ailəsinin onun həyatındakı rolunu da inkar etmək olmaz. Onun ailə üzvləri öz səviyyəsi, bacarığı və mədəniyyəti etibarilə ətrafdakılardan fərqlənirdi. Buna görə də Əliyevlər ailəsinin bütün üzvləri öz istedadları ilə Azərbaycan elminə, incəsənətinə, maarifinə xüsusi töhfələr verdilər.

– Siz 15 iyun tarixinin MİLLİ QURTULUŞ GÜNÜ elan edilməsini necə qəbul edirsiniz?

– Mən belə hesab edirəm ki, xalqının ən ağır məqamında onun köməyinə yetişib, dadına çata bilən şəxslər tarixdə o qədər də çox olmayıb. Belə tarixi şəxsiyyətlərdən biri Heydər Əliyevdir. Mənə elə gəlir ki, Allah-Təala bu insana xilaskarlı qüdrətini onu xəlq edən gündən bəxş edib. Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi milli sərvəti var. Bütün döyüşlərin qalib sərkərdəsi olan bu müdrik insan hər cür hörmət və məhəbbətə layiqdir.

– Zəroş xanım, maraqlı söhbətinizə görə minnətdaram. Arzu edirəm ki, gələn il iyunun 15-də bayram bayrama qarışsın, həm torpaqlarımız azad olsun, həm də Milli Qurtuluş Gününü bayram edək.

Svetlana Bayramova
“Səs” qəzeti, 16 iyul, 1997-ci il

www.yenicag.az

2518