Azərbaycan xalqına minnət əvəzi “Ferrari Adil”in oğluna verilən FƏXRİ FƏRMAN – Nazir döyüşənlərin haqqını niyə vermir?

Müdafiə naziri Zakir Həsənov icra başçısının oğlunu mükafatlandırıb.

Yenicag.az xəbər verir ki, Müdafiə naziri Zakir Həsənov Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin oğlu Ənvər Adil oğlu Ənvərlini 44 günlük Vətən Müharibəsində göstərmiş olduğu maddi və mənəvi dəstəyə görə fəxri fərmanla mükafatlandırıb.

Vətən müharibəsi zamanı təkcə icra başçısının oğlu yox, Azərbaycan xalqı orduya dəstək nümayiş etdirdi. Kasıbından, varılısına qədər hər kəs əlindən gələni əsirgəmədi. Xalq həm döyüşə əsgər verdi, həm də onların təminatını təşkil etdi. Azərbaycan Dövlət büdcəsindən ən çox vəsait ayrılan qurumu, müharibə vaxtı aciz durumdan çıxaran məhz Azərbaycan xalqı oldu. Nədənsə, Zakir Həsənov bir dəfə də olsun, Azərbaycan xalqına təşəkkür etmədi. Azərbaycan xalqına təşəkkür və minnət borcu olan Zakir Həsənov “Ferrari Adil”in oğluna fəxri fərman verir.

Yaxın günlərdə müharibə iştirakçılarına medallar verildi. Döyüşlərdə can qoymuş şəxslər və valideynləri Müdafiə nazirliyinin qarşısında haqsızlığa uğradıqları üçün aksiyalar keçirdi. Zakir Həsənov belə adil, əziyyətə qiymət verən biridirsə, niyə döyüşənlərin haqqını vermir?

Səxavət Məmməd