Azərbaycan XİN Ermənistanın bu bəyanatına cavab verdi

“Ermənistan KİV-də ölkənin silahlı qüvvələrinin baş qərargah rəisinin müavininə istinadən yayılan məlumat birmənalı şəkildə Ermənistan rəsmiləri tərəfindən Azərbaycan ərazilərinə qanunsuz hərbi birləşmələrin göndərilməsi ilə bağlı edilən növbəti etirafdır”.

Yenicag.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva belə bəyanatla çıxış edib.

O bildirib ki, bu, Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının kobud şəkildə pozulmasıdır.

“Xatırladırıq ki, sözügedən bəyanatın 4-cü maddəsinə istinadən, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərindən çıxarılır və paralel olaraq bu ərazilərdə Rusiya sülhməramlı kontingenti yerləşdirilir. Tərəfimizdən bundan əvvəl dəfələrlə Ermənistan tərəfinin üçtərəfli bəyanatın müddəalarını pozduğu, o cümlədən qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını bəyan etmişik”, – deyə XİN rəsmisi əlavə edib.

Onun sözlərinə görə, hazırda Azərbaycan münaqişə sonrası mərhələdə münasibətlərin normallaşması və sülh quruculuğu istiqamətində addımlar atır.

“Belə bir vaxtda Ermənistan tərəfinin yanaşması, onun bölgədə sülh yox, gərginlik yaratmaq marağını açıq şəkildə nümayiş etdirir.

Ermənistan rəsmilərinin bu açıqlaması Ermənistan tərəfinin sülhdən danışmasının riyakarlıqdan başqa bir şey olmadığını göstərir.

Bu, həmçinin Ermənistan tərəfinin təcavüzkar siyasətinin bir daha açıq şəkildə təcəssümüdür”, – deyə Leyla Abdullayeva qeyd edib.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini Saak Saakyan hərbi xidmətə çağırılan vətəndaşların valideynləri ilə görüşüb.

O, Azərbaycanın Qarabağ bölgəsində erməni müddətli hərbi xidmətçilərinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları ilə əvəzlənəcəyinə dair məlumat verib.

COP29