Azərbaycan, yoxsa rus bölməsində oxuyanlar qəbul imtahanında daha uğurlu olub? – ARAŞDIRMA

Bu il 55 min 656 min abituriyent müsabiqənin ilkin mərhələsində tələbə adını qazanıb. Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, ali təhsil müəssisələrinin müsabiqəsində 82883 nəfər iştirak edib. Onlardan 55656 nəfəri (o cümlədən 7287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27117 (o cümlədən 1579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28539 (o cümlədən 5708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Tələbə adını qazananlar arasında həm azərbaycan, həm də rus bölməsində təhsil alan məzunlar var.
Maraqlıdır, bəs hər iki bölmənin şagirdlərinin ümumi nəticələri təhlil edilibmi?

Çünki dövlət məktəblərinin bəzisində rus bölməsi var və vətəndaşlar övladlarını həmin bölmədə təhsil almasına maraq göstərirlər. Uzun müddət rus bölməsi ətrfaında müzakirələr gedir, bəziləri rus bölməsində təhsilin azərbaycan bölməsinə nisbətən yüksək olmadığını iddia edirlər. Hətta bu bölmədən maksimum bal (700) toplayan abituriyentin də olmadığı qənaətindədirlər. Lakin xatırlatmaq yerinə düşər ki, 2007-ci ildə Nərgiz İsmayılbəyli adlı gənc ilk dəfə rus bölməsi üzrə 700 bal toplayıb. Amma bundan sonra bu uğurun təkrar olunmasına rast gəlinmir.

Valideynlərin rus bölməsində keçirilən dərslərin keyfiyyəti, məzunların uğur göstəricisi ilə tanış olması üçün araşdırma varmı?

Bizim.Media DİM-ə istinadən xəbər verir ki, rus bölməsində rəqabət az olduğu üçün həmin bölmə üzrə keçid balları azərbaycan bölməsi üzrə daha azdır.

DİM-in tədqiqatına görə, 2023/2024-cü tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə qəbul üçün 55907 yer ayrılıb. 40568 yer Azərbaycan, 3537-si isə rus bölməsi, 11185-i hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulub.

Plan yerlərinin dövlət sifarişi və ödənişli əsaslarla təhsil üzrə bölgüsünün müqayisəsi göstərir ki, 2023-cü ildə Azərbaycan və rus bölmələrinin birgə müsabiqəsi üçün ayrılan yerlər 9.47% artıb. Qeyd etmək lazımdır ki, cari ildə hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlər ümumi plan yerlərinin cəmi 20.01%-ni təşkil edib.

2023-cü il ali təhsil müəssisələrinə müsabiqədə iştirak etmək hüququ qazananların 89.25%-i Azərbaycan, 10.75%-i isə rus bölməsinin abituriyentləri idi.

Qeyd edək ki, hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlərin hesabına Azərbaycan bölməsinin abituriyentləri qəbul planının minimum 73.37, maksimum 93.60%- ni, rus bölməsinin abituriyentləri isə minimum 6.40, maksimum 26.63%-ni tuta bilərdilər.

Bundan başqa, tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan tam orta təhsil müəssisələrini 2023-cü ildə bitirən abituriyentlər Azərbaycan dilindən (dövlət dili kimi) imtahan verirlər. Azərbaycan dili fənni imtahanı üzrə nisbi balı ən azı 50 olduqda, həmin nəticələr əsas götürülüb və onlar “məqbul” almış hesab olunub. 2023-cü il mayın 7-də keçirilən I imtahanda iştirak edən 9828 abituriyentdən 8367-si, iyunun 18-də keçirilən II imtahanda iştirak edən 750 abituriyentdən isə 242-si “məqbul” alıb.

Qeyd edək ki, keçirilən imtahanlarda “qeyriməqbul” alan və yaxud imtahanlarda iştirak etməyən abituriyentlər (qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verənlər) 2023-cü ildə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilən müsabiqədə iştirak etmək hüququnu itiriblər.

2023-cü ildə 55290 plan yerinə azərbaycan bölməsi üzrə 40133, rus bölməsi üzrə 4358 qəbul olub.

Qəbul imtahanlarının nəticələri əsasında Azərbaycan və rus bölmələri üzrə ayrılıqda abituriyentlərin topladıqları balların I–IV və V ixtisas qrupları üzrə paylanması müəyyənləşdirilib.

Təhlil göstərir ki, 2023-cü ildə Azərbaycan bölməsində abituriyentlərin 52.89, rus bölməsində isə 61.32%-i 200-dən çox bal toplayıb. Digər tərəfdən, imtahanda iştirak edənlərin yarısının Azərbaycan bölməsində 211.56, rus bölməsində isə 240.59 baldan zəif nəticə göstərməsi, hər iki bölmədə abituriyentlərin hazırlığının günün tələbləri (dövlət tədris proqramları və təhsil standartları) səviyyəsində olmadığını təsdiqləyir.

V qrupun nəticələrinə gəlincə…

V ixtisas qrupu üzrə abituriyentlərin Azərbaycan bölməsində 107.80, rus bölməsində 141.42 baldır. Belə ki, Azərbaycan bölməsi ilə müqayisədə rus bölməsi abituriyentlərinin ballarının paylanma histoqramlarında orta nəticə göstərən abituriyentlər daha çox üstünlük təşkil edir. İmtahanda iştirak edənlərin yarısı Azərbaycan bölməsində 94.88, rus bölməsində isə 138.03 baldan aşağı nəticə göstərib. Azərbaycan bölməsi üzrə ortakvadratik meyil 62.72, rus bölməsi üzrə 63.29 bala bərabərdir.

COP29