Azərbaycan müstəqillik qazandıqdan sonra dini ehtiyacından yararlanmaq üçün ölkəyə axın edən “din kapitalistləri” buranı məzhəb-təriqət poliqonuna çevirdilər.
Fətullahçı, hizbullahçı, xəvaric, təkfirçi, krişnaçı, adventist və s., və i.a.
İndi isə Azərbaycan yeni bəla ilə üz-üzədir: Hizbiyyə. Bundan öncəki məqalədə qeyd etdiyimiz kimi, ölkəmiz üçün davamlı olaraq, “sürpriz”lər hazırlayan güclərin yeni “oyuncağ”ı Hizbiyyədir.
Hizbiyyənin Azərbaycandakı fəaliyyətinə keçmədən öncə, Əlcəzair örnəyini təqdim etmək istəyirik.
1989-cu ildə artıq dini-siyasi gücə çevrilən Hizbiyyə bu ölkədə ilk siyasi təşkilatını- İslami Səlamət Cəbhəsini qurdu. Hakimiyyətə iddialı olan Cəbhənin radikal fəaliyyətindən narahat olan hökumət İSC-ni 1992-ci ildə bağladı. Əlcəzair hökuməti bununla vəziyyəti kontrol altına alacağını və qrupun dağılacağını düşünürdü. Fəqət siyasətdə yolları kəsilən hizbiyyəçilər hökuməti özləri ilə hesablaşdırmaq üçün terrora əl atmağa başladılar. Kiçik qruplar şəklində dağa çıxan hizbiyyəçilər ölkədə asayişi pozmaq üçün müxtəlif provokatif aksiyalara əl atdılar. Polis qətliamları, dövlət binalarına qarşı terror fəaliyyətləri, insanların sıxlıq təşkil etdiyi bazarlara hücumlar Hizbiyyənin aktivinə yazıldı. Bu qanlı aksiyaların iki məqsədi var idi:
- Ölkədə stabilliyi pozaraq, öz mövcudiyyətlərini hakimiyyətə qəbul etdirmək.
- Əlcəzairdəki Fransa şirkətlərini hədəf seçərək, ölkənin fransız qanadından çıxıb ingilis qanadı altına girməsinə nail olmaq. Belə də oldu.
Sonunda dövlət İSC lideri Abbas Mədəni və müavini Əli Belhac həbs edildi. Ən son 2000-ci illərin ortalarında dövlət amnistiya elan etdi və dağda olanların da bağışlandığını bildirdi. Ancaq 1992-ci ildən 2003-cü ilə qədər Əlcəzairdə 150 mindən çox mülki vətəndaş öldürüldü.
Qısacası, Hizbiyyənin məqsədi siyasi hakimiyyətdir. Bu normal yollarla baş tutmadıqda, digər bütün yollar onlar üçün halaldır. Bunun üçün də Hizbiyyə əqidəsini qəbul edənin sonunda ya təkfirçi, ya da xəvaric olması şübhə doğurmur.
Bu gün dünyanın bir çox ölkəsində örgütlənən Hizbiyyənin təkcə Suriyada 12 minlik silahlı ordusu var. Ceyş əl İslam Ordusu Hizbiyyənin silahlı qanadı olaraq, mövcud hakimiyyətə qarşı vuruşmaqdadır.
Məsələ burasındadır ki, Hizbiyyə artıq Azərbaycanda fəaliyyətdədir. Ayrı-ayrı evlərdə aparılan təbliğatlarda ölkənin “Darül Hərb”, yəni kafir ölkəsi olduğu və müsəlmanların birləşərək, gücləndiyi zaman “Darül İslam”a çevirməyin mümkün olduğu qeyd olunur.
Mötədil, siyasətə qarışmayan müsəlmanlar arasında aparılan təbliğat isə nəticə verməkdədir. Bir sıra orta və kiçik biznesmenlərdən aldıqları zəkat pulları ilə təşkilatlanan hizbiyyəçilər aktivistləri qonşu ölkələrdə Körfəz ölkələrindən olan “şeyx”lərin söhbətlərinə apararaq, təlimatlandırırlar.
“Hizbiyyə”də tək bir lider olmadığı kimi “elm tələbələri” şurası var. A.R.-nin əsas ideoloqlarından olduğu “Hizbiyyə”nin “Elmi Şurası”ndakı üzvləri də dəqiqləşmələr apardıqdan sonra açıqlayacağıq.
Yenicag.az