Azərbaycana gələn əcnəbilərə nəzarətin yeni yolu – Miqrasiya kartı veriləcək

Azərbaycana viza tələb olunmayan qaydada gələn əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə onlar barədə məlumatı özündə əks etdirən və onların ölkədə müvəqqəti olma müddətlərinə nəzarət etmək imkanı verən sənəd – miqrasiya kartı veriləcək.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı Miqrasiya Məcəlləsinə əlavələr edilir.

Yeni əlavələrə əsasən, Azərbaycana viza tələb olunmayan qaydada gələn əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər miqrasiya kartını doldurmalı və Azərbaycanın dövlət sərhədinin buraxılış məntəqələrindən keçərkən pasport və ya digər sərhədkeçmə sənədi ilə birgə təqdim etməlidirlər. Bəzi əcnəbilər üçün isə miqrasiya kartının doldurulması tələb olunmur. Həmin əcnəbilər xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəlikləri və konsulluqlarının, beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri, həmçinin Azərbaycana diplomatik missiya ilə gələn və ya diplomatik pasportlara malik olan şəxslər, Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdir.

Miqrasiya kartı əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə müvafiq icra hakimiyyəti opranının əməkdaşları və ya nəqliyyat xidmətləri göstərən şirkətlərin nümayəndələri tərəfindən pulsuz verilir. Miqrasiya kartı əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkəyə gəldikləri nəqliyyat vasitəsində (təyyarə, gəmi, avtobus, qatar) şəxsi nəqliyyatı ilə və ya piyada gəldikdə bilavasitə dövlət sərhəd xidmətinin buraxılış məntəqəsində doldurulur.

Dəyişikliyin mayın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Qeyd edək ki, Miqrasiya Məcəlləsinə əlavələrin edilməsini nəzərdə tutan qanun layihəsi Milli Məclisin aprelin 7-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

Yeniçağ.Az

COP29