Azərbaycana gələn turistlərin sayı artdı – STATİSTİKA

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 2 418,3 min və ya ötən ilin eyni dövrü ilə müqayisədə 9,5% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsindən Yenicag.az-a verilən məlumata görə, gələnlərin 30%-i Rusiya Federasiyası, 22%-i Gürcüstan, 9,7%-i Türkiyə, 8,2%-i İran, 3,9%-i Səudiyyə Ərəbistanı, 2,1%-i Birləşmiş Ərəb Əmirlikləri, 1,9%-i Hindistan, hər birindən 1,8% olmaqla İraq və Ukrayna, 1,6%-i Türkmənistan, hər birindən 1,5% olmaqla İsrail və Qazaxıstan, 1,4%-i Pakistan, 1,2%-i Böyük Britaniya, 11,3%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 65,9%-ni kişilər, 34,1%-ni isə qadınlar təşkil edib.

Ölkəmizə yanvar-sentyabr aylarında gələnlərin sayında daha çox artım Türkmənistan (96%), Hindistan (70,1%), Misir (66,3%), Çin (63,7% ), Səudiyyə Ərəbistanı (42%), Filippin (39,4%), Macarıstan (34,8%), Polşa (32%), Malayziya (27,3%), Böyük Britaniya (27%), İspaniya (26,7%), Cənubi Koreya (22,4%), Gürcüstan (21,6%) və Almaniya (21,6%) vətəndaşları arasında qeydə alınıb.

Bu ilin yanvar-sentyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 24% artaraq 110,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 8,3% artaraq 880,9 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 57,9%-i dəmir yolu və avtomobil, 41,3%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib.

COP29