Azərbaycana narkotik keçirmək üçün bacısını girov qoydu

Azərbaycan Respublikasının vətəndaşı Eyvazov Babək Rzabala oğlunun öz bacısı Minayə Eyvazovanı İran vətəndaşları olan narkotacirlərdə girov qoyması və külli miqdarda narkotik vasitələri qaçaq yolla Azərbaycana keçirmək üçün qəbul etməsi barədə məlumat daxil olub.

Bu barədə Yenicag.az-a Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda Astara rayonu Şəvqo kəndi istiqamətində qanunsuz keçərək çəkisi külli miqdar təşkil edən 3 kiloqram 12,23 qram heroin və külli miqdarda metadon həblərini qaçaq yolla Azərbaycana keçirən Babək Eyvazov əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanıb.

Babək Eyvazov Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə dövlət sərhədini qanunsuz keçmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər faktlar üzrə məhkəmə qərarı ilə həbs edilib.

Minayə Eyvazova Babək Eyvazovun şəxsiyyətini təsdiq edən sənədlərlə birlikdə ölkəyə qaytarılıb.

Hazırda araşdırmalar davam edir.