“Azərbaycana qarşı belə addımlar özlərini Cənubi Qafqaz regionu ilə bağlı oyunun kənarında qoymağa gətirib çıxardır”.
Bunu Azərbaycanın AŞPA ilə əməkdaşlığı dayandırması barədə danışan politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.O bildirib ki, bir sıra Avropa ölkələri ilə hələ də strateji müqavilələr əsasında əməkdaşlıqlar davam etdirilir:
“Azərbaycan 23 il öncə sülh, əmin-amanlıq, bərabərlik, insan hüquqlarının təmin ediləcəyi, Ermənistanla münaqişənin həll olunacağı ümidi ilə Avropa Şurasına qoşuldu. Ancaq fikirləşdiyimizin tam əksinin şahidi olduq. Qoşulduğumuz ilk gündən başlayaraq bu günə qədər davamlı şəkildə təzyiqlər, müxtəlif adlar altında əsassız ittihamlarla qarşılaşdıq. Əsas səbəb isə Azərbaycanın müsəlman və türk dövləti olmasıdır. Bu hərəkətlər isə artıq yalnız Azərbaycanda deyil, digər ölkələrdə də inamsızlıq yaratmağa başladı.
Avropa Şurasının, yaxud hansısa Qərb təsisatının təlimatına görə münasibətləri tənzimləməyən bir sıra Avropa ölkələri ilə hələ də strateji müqavilələr əsasında əməkdaşlıqlar davam etdirilir. Bu gün Avropanın istər yaşıl enerjiyə, istər qaz, istərsə də neftə – yəni Azərbaycan enerjisinə böyük ehtiyacı var. Azərbaycana qarşı belə addımlar isə özlərini Cənubi Qafqaz regionu ilə bağlı oyunun kənarında qoymağa gətirib çıxardır.
Cənubi Qafqazın əsas güc mərkəzi Azərbaycanla əməkdaşlığı olmayan ölkə bu regionda özünün varlığını davam etdirə bilməz. Bir sözlə, hər mənada itirən məhz Avropadır”.
Nəsimi Ələsgərli