Azərbaycana qarşı gürcü-serb XƏYANƏTİ: “Bu rəzalətə ən qəti şəkildə cavab verilməlidir” – Politoloq

“Bakı əlində olan faktlar əsasında Gürcüstan və Serbiyaya qarşı beynəlxalq məhkəmədə iddia qaldırlmalıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistanın son sərhəd təxribatı zamanı istifadə etdiyi hərbi sursatın Serbiyadan Gürcüstan vasitəsilə işğalçı ölkəyə çatdırılması haqda məlumatı şərh edən politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynlinin sözlərinə görə, Azərbaycan hər zaman münasibətlərini yüksək səviyyədə saxladığı Gürcüstan və Serbiyanın bu xəyanətini cavabsız buraxmamalıdır:

“Əlbəttə, Azərbaycanın yaxın münasibətdə olduğu bu iki ölkənin işğalçı Ermənistanın sərhəd təxribatında rol alması böyük rəzalətdir. Bildiyiniz kimi, Azərbaycanın Serbiya ilə əlaqələri yüksəliş dövründədir, əməkdaşlıq dərinləşdirilir, prezidentlərin qarşılıqlı səfərləri baş tutub və sair. Bu ölkə ilə beynəlxalq platformalarda da ciddi əməkdaşlığımız mövcuddur.

Gürcüstanla münasibətlərimizin miqyas və səviyyəsini isə xüsusi qeyd etməyə ehtiyac yoxdur. Qısa desək, Gürcüstan iqtisadiyyatı Azərbaycanın enerji və nəqliyyat layihələrindən birbaşa asılıdır. Bu ölkənin dövlət büdcəsinin 40 faizi məhz Gürcüstanın tranzit gəlirləri hesabına formalaşır.

Ümumiyyətlə, Gürcüstanda indiki iqtidarın hakimiyyətə gəlişindən sonra rəsmi Tiflisin Azərbaycana qarşı davranışları xeyli artıb. Buna baxmayaraq, Azərbaycan Gürcüstana dost münasibətini dəyişməyib. Lakin Gürcüstanın mövcud razılaşmaya məhəl qoymayaraq, öz ərazisindən Ermənistana silah keçirilməsinə şərait yaradırsa, buna görə cavab verməlidir.

Hesab edirəm ki, Azərbaycan əldə olan faktlar əsasında Gürcüstan və Serbiyaya qarşı beynəlxalq məhkəmədə iddia qaldırlmalı, bu məsələdə sona qədər getməlidir”.

A.Zeynalov