Azərbaycana qarşı NATO-nun dəsti-xətti ilə yeni hərbi birlik yaradılmağa çalışılır – Fərid Şahbazlı yazır
“ABŞ, Avropa İttifaqı (Aİ) və Ermənistan arasında aprelin 5-də keçiriləcək görüşlə bağlı yayılan həm rəsmi, həm də kulis məlumatlar sübut edir ki, bu görüş qətiyyən bölgədə sülhə, tərəflər arasında etimad quruculuğuna, inteqrasiya ehtiyacına xidmət etmir. Azərbaycanla Ermənistan arasında sülh istiqamətində müəyyən müsbət addımların atıldığı bir məqamda belə davranışlar destruktivliyə və sülh danışıqlarını sıradan çıxarmağa hesablanıb. Qərb tərəfindən təşkil edilən belə konfranslar regionda sülhə ciddi təhdid törədir və Ermənistanı yeni silahlı qarşıdurmalara təşviq edir”.
Yenicag.az xəbər verir ki, bu fikirlər siyasi şərhçi Fərid Şahbazlının yazısında qeyd olunub.
“Avropa İttifaqı və ABŞ bu konfransla Azərbaycan-Ermənistan münasibətlərində özünü açıq formada Ermənistanın tərəfində nümayiş etdirir: “Şübhəsiz ki, bu fakt ABŞ və Avropa İttifaqının Bakı ilə İrəvan arasında sülh prosesində obyektivliyini və tərəfsizliyini ciddi şəkildə şübhə altına alır. Bu təxribatçı prosesə əslində Avropa İttifaqı müşahidə missiyasının Ermənistan-Azərbaycan şərti sərhədinə göndərilməsi ilə start verilib. Regionu “barıt çəlləyi”nə çevirmək istəyən siyasət birbaşa Azərbaycana qarşı yönəlib. Təhlükəsizlik zəmanəti adı altında Ermənistanın dəstəklənməsi, silahlandırılması və ondan silahlı təzyiq vasitəsi kimi istifadə edilməsi Cənubi Qafqazda sülhü, sabitliyi və təhlükəsizliyi mümkünsüz edir. Qısamüddətli missiya kimi yaranan, daha uzunmüddətli status alan və hərbiləşdirilən Avropa İttifaqının Ermənistandakı missiyası əslində müşahidə fuksiyasından daha çox, Qərbin Ermənistanda öz hərbi bazası rolunu oynayır. Belə olmasaydı 2023-cü ilin yanvarında yaradılan adı “mülki” olan, özü isə Avropanın xüsusi xidmət orqanlarının əməkdaşlarından formalaşdırılan missiyanın iştirakçılarının sayı dekabrda 138-dən 209 nəfərə qədər artırılmazdı. Ölkəmizin Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş, təhlükəsizlik maraqlarımızı təhdid edən istənilən fəaliyyətdən çəkinməsi üçün Aİ tərəfinə dəfələrlə etdiyi çağırışlara baxmayaraq, missiyanın anti-Azərbaycan təbliğat ruporu rolunda stifadəsi davam edir. Son olaraq isə Kanadanın AİEM-ə qoşulması isə faktiki olaraq regionda NATO-nun dəsti-xətti ilə hərbi birliyin yaradılması deməkdir.
Diqqət çəkən daha bir məqam Fransanın liderliyi ilə Ermənistanın hərbiləşdirilməsinə yönəlmiş, hətta öldürücü və hücum tipli silah növlərinə aid hərbi təchizatın təmin ediləcəyi ilə bağlı aparılan kampaniyadır. Eyni zamanda Aİ-nin digər bir üzvü Yunanıstan Ermənistanla hərbi əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı bəyanatları da təsadüfi sayıla bilməz.
Bütün bu məlumatlar ciddi narahatlıq doğurur və regionda sülh quruculuğu səylərini əngəlləyir. Azərbaycanla Ermənistan arasında normallaşmaya, Cənubi Qafqazda sülh və təhlükəsizliyə nail olmağın yeganə yolu beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə tərəfsiz və qərəzsiz mövqe sərgiləməkdən keçir.Azərbaycan dəfələrlə bəyan edib ki, bütün suallar və problemlər iki ölkənin birgə müzakirələri ilə həll edilməlidir. Üçüncü dövlətin, təşkilatların qərəzli vasitəçi qismində müdaxiləsi əksinə vəziyyəti gərginləşdirir. Ermənistan və himayədarları üzləşdikləri keçmiş acı təcrübələri diqqətə alaraq, bu məqamı unutmamalıdırlar”, – deyə müəllif bildirib.