Azərbaycançılıq ideyası Azərbaycanın dövlətçiliyi, mədəniyyəti, dili və tarixi ilə bağlı bir bütünlük təşkil edən və xalqın milli kimliyini qoruyub inkişaf etdirmək məqsədini güdən bir dünyagörüşüdür. Bu ideya Azərbaycanın müstəqil dövlət olaraq inkişafını və dünyada özünə layiqli yer tutmasını təmin etməyə yönəlib. Azərbaycançılıq milli birlik və həmrəylik, vətənpərvərlik, xalqın öz tarixi və mədəniyyətinə hörmət və sevgi kimi dəyərləri əhatə edir.
Azərbaycançılıq ideyasının təməl prinsiplərindən biri Azərbaycan xalqının tarixini və mədəniyyətini gələcək nəsillərə çatdırmaq və bu dəyərləri təbliğ etməkdir. Bu ideya, həmçinin Azərbaycanın multikultural və çoxmillətli cəmiyyətini gücləndirməyə, müxtəlif etnik və dini qrupların birgə yaşaması və əməkdaşlığını təşviq etməyə xidmət edir. Azərbaycançılıq yalnız yerli mədəniyyətin qorunması ilə kifayətlənmir, eyni zamanda, Azərbaycanın dünyaya açılan, beynəlxalq aləmdə tanınan bir dövlət kimi mövqeyinin gücləndirilməsini də önə çıxarır.
Azərbaycançılıq ideyasının inkişafında təhsil, mədəniyyət və informasiya sahələrində aparılacaq məqsədyönlü fəaliyyətlər mühüm əhəmiyyət daşıyır. Bu sahələrdə milli kimliyin və dəyərlərin gənc nəsillərə aşılanması, onların Vətənə və millətə bağlılıq hissini gücləndirəcəkdir. Eyni zamanda, Azərbaycançılıq ideyasının sosial şəbəkələr və müasir texnologiyalar vasitəsilə geniş şəkildə təbliği də vacibdir. Bu, gənclərin dünya görüşünü formalaşdırarkən, onların milli dəyərləri də mənimsəmələrini təmin edəcək.
Azərbaycançılıq ideyasının təbliği, həmçinin dövlətin, vətəndaş cəmiyyətinin birgə əməkdaşlığını tələb edir. Bu, milli həmrəyliyi təmin etmək və ölkə daxilində hər hansı sosial və milli parçalanmanın qarşısını almaq baxımından vacibdir. Azərbaycançılıq yalnız Azərbaycan xalqının deyil, eyni zamanda, bu torpaqda yaşayan bütün etnik və dini qrupların gələcəyini düşünərək, birgə inkişaf və firavanlıq üçün mühüm bir vəsait olaraq ortaya çıxır.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov da deyib ki, Azərbaycançılıq ideologiyasının təbliği kampaniya xarakterli məsələ deyil.
“Bu, davamlı şəkildə aparmalı olduğumuz siyasətin tərkib hissəsidir. Azərbaycançılıq ideologiyası bu gün yüksək səviyyədə davam etdirilir. Ölkəmizdə yaşayan vətəndaşlarımızın dini, etnik mənsubiyyətindən asılı olmayaraq hamının Azərbaycan adlı vətəni var.
44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylik Azərbaycançılıq ideologiyasının bariz nümunəsi idi. Amma ölkəmizə qarşı yad təsirləri təbliğ etməyə və milli şüurumuzu pozmağa çalışan xarici qüvvələr öz işlərini görürlər. Eyni zamanda, işlərini bir gün belə dayandırmadan davam etdirilər. Belə ki, bu təhdidlər ilk növbədə sosial şəbəkələrin üzərindən gəlir. İkincisi isə radikal qrupların əli ilə dövlətin zəiflədilməsi istiqamətində fəaliyyətdir. Son olaraq xaricdə yaşayan vətəndaşlarımızın ələ alınması məsələsi də aktualdır.
Dövlətimiz hər üç istiqamətdə işləməli və xarici ünsürlərin ictimai şüurun formalaşmasına təsirinə imkan verilməməlidir. Bunun üçün xüsusi dövlət proqramları icra olunmalı və gənclərin milli ideyalar üzərində böyüməsi işini hər zaman diqqətdə saxlanmalıdır”, – deyə o bildirib.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin və Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili isə öz növbəsində bildirib ki, Azərbaycançılıq ideologiyası illərdir ölkəmizin əsas sütunlarından biridir:
“Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan bu ideologiya dövlətimiz tərəfindən davamlı olaraq inkişaf etdirilmişdir. Bu ideologiyanın təbliği istiqamətində silsilə tədbirlər həyata keçirilir, sözügedən sahədə davamlı nailiyyətlərin əldə olunması üçün ölkənin aparıcı beyin mərkəzləri, qeyri-hökumət təşkilatları və mediası durmadan çalışır. Lakin təəssüflə qeyd etməliyik ki, bu ideologiyaya qarşı olan qüvvələr də mövcuddur”.
“Bu qüvvələr istər xaricdən, istərsə də ölkəmizin içindəki sapı bizdən olanlar tərəfindən maliyyələşdirilir. Onlar həmin anti-milli qruplardır ki, Azərbaycanın suyunu içib, çörəyini yeyib gənclərimizin bu ideologiya ətrafında birləşməsinə mane olmağa çalışırlar. Lakin nə olursa olsun, Azərbaycançılıq ideologiyası dövlətimizin əsas sütunu və gələcəyimizin mayasıdır. Azərbaycançılıq ideologiyasının inkişafı davamlı olmalı, hər bir azərbaycanlı, tutduğu mövqeyindən, siyasi baxışından və yaşam tərzindən asılı olmayaraq, bu ideologiyanın ətrafında sıx birləşməlidir”.
“Ürək ağrısı ilə qeyd etməliyik ki, bəzi qüvvələr tərəfindən sosial şəbəkələrdə bu ideologiyanın əleyhinə təbliğat aparılır. Bəzi nankor “həmvətənlərimiz” bu yöndə atılan addımlarda səfərbər olaraq Qərbin çeynənmiş dəyərlərini qəbul və təbliğ edərək, milli dəyərlərimizi və ailə institutunu məhvə aparan təbliğatın maşasına çevriliblər. Sosial şəbəkələrdə Azərbaycançılıq ideologiyasını məsxərəyə qoyanlar unutmasın ki, bu ideologiya Azərbaycan gəncliyinin qüruru, şərəf və ləyaqəti, milli məfkurəmizin əsas istiqamətidir.
Kim nə deyirsə desin, biz tutduğumuz istiqamətdə daim addımlaycağıq. Bizlər Azərbaycançılıq ideologiyası ətrafında birləşərək minlərlə şəhid vermiş dövlətin və millətin varisiyik. Bu ideologiya uğrunda qardaşlarımız şəhid olub. Biz bu ideologiya ətrafında illərimizi və aylarımızı qurban vermişik. Bir sözlə bu sahədə durmadan çalışmalı, gənclərimizə təbliğatı gücləndirməliyik”, – deyə o bildirib.
Nəsimi Ələsgərli
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” mövzusunda hazırlanmışdır.