“Azərbaycanda 1 narkoloqa 500 narkotik istifadəçisi düşür” – Komitə sədri

“Ölkəmizdə 2015-ci ildə 28 min 555 nəfər narkotik istifadəçisi qeydiyyatda idisə, 2021-ci ildə rəqəm 34 minə çatıb. Biz rəsmi rəqəmlərdən danışırıq. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə ölkədə narkoloqların sayı 91, ötən il 67, cari ildə isə 66 olub. Göründüyü kimi, 1 narkoloqa 500 narkotik istifadəçisi düşür”.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc deyib.

“Belə şəraitdə müalicənin effektivliyi mümkün deyil. Kadrların hazırlanması sahəsində sistemli tədbirlərə ehtiyac duyulur. Nəzərə alsaq ki, məhkumların içərisində də narkotik tərkibli cinayətlər 30 faizdən yuxarıdır, onda mütəxəssis hazırlığının əhəmiyyəti hamımız üçün aydın olar”, – deyə komitə sədri bildirib.