Azərbaycanda 3-cü devalvasiya GÖZLƏNTİSİ: “Manat bəlkə də yeganə valyutadır ki…” – Ekspertdən ÇAĞIRIŞ

“Əgər yaxın bir ay ərzində neft bahalaşmasa, manatın məzənnəsini indiki nisbətdə saxlamaq düzgün qərar olmayacaq”.

Son günər dünya bazarında neftin qiymətində müşahidə olunan ucuzlaşma neqativ ehtimalların irəli sürülməsinə yol açıb. Bəzi müstəqil ekspertlərə görə, neftin qiymətinin aşağı düşməsi şəraitində Azərbaycanda 3-cü devalvasiyanın baş verməsi çox realdır.

lman Rüstəmovun manatın sabitliyi ilə əlaqədar ötən gün verdiyi açıqlamada səsləndirdiyi “Vəziyyət gərgindir, mürəkkəbdir, qeyri-müəyyəndir, amma onu idarə edirik və bundan sonra da idarə etmək fikrindəyik” sözləri devalvasiya gözləntilərini əhəmiyyətli dərəcədə artırıb.

Bu məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən iqtisadçı Fuad İbrahimov bildirib ki, koronavirus pandemiyasının yaratdığı qlobal iqtisadi böhranda neftə olan tələbatın azalması əksər ölkələrin milli valyutasına təsir edib:

“Dünya bazarında neftin kəskin ucuzlaşması məzənnəyə dərhal təsir göstərməsə də, ümumilikdə bütün məzənnələrdə dalğalanma prosesi getdikcə daha qabarıq müşahidə olunmağa başlayıb.

İndiki şəraitdə Azərbaycan manatı bəlkə də yeganə valyutadır ki, onun məzənnəsində hələlik dalğalanma baş verməyib. Çünki hökumət bu istiqamətdə aparılan idarəetmə siyasətindən düzgün faydalanır.

Mövcud vəziyyəti sabit saxlamaq üçün iqtisadiyyatı müəyyən qədər sıxmaq lazım gəlir. Bu sıxma prosesi manatın məzənnəsini optimal səviyyədə saxlamağa imkan verəcək.

Əgər yaxın bir ay ərzində neft bahalaşmasa, manatın məzənnəsini indiki nisbətdə saxlamaq düzgün qərar olmayacaq. Çünki bu, ölkənin valyuta ehtiyatlarına çox mənfi təsir göstərəcək və nəticədə heç nə qazanmayacağıq”.

Gülşən Şərif

COP29