Bu ilin 9 ayı ərzində Azərbaycanda 1259 yol qəzası olub, 599 nəfər həlak olub.
Bu barədə Yenicag.az-a Dövlət Statistika Komitəsindən bildirilib.
Bildirilib ki, 2022-ci ilin yanvar-sentyabr aylarında ölkədə 1259 və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,5 faiz çox yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 9,8 faiz artaraq 1698 nəfər olub.
Onlardan 599-u həlak olub, 1099-u isə yaralanıb. Hadisələrin 47,1 faizi gündüz, 38,6 faizi gecə, 14,3 faizi isə toran vaxtı baş verib, 30,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Yol-nəqliyyat hadisələrinin 84,3 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 10,4 faiz artaraq 425 nəfər, yaralananların sayı isə 2,2 faiz artaraq 992 nəfər olub.
Bütün yol-nəqliyyat hadisələrinin 40,4 faizi nəqliyyat vasitələrinin və piyadaların, 37,3 faizi bir neçə nəqliyyat vasitəsinin, 22,3 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 77,5 faizini, yaralananların isə 71,3 faizini kişilər təşkil edib.
Sərxoş vəziyyətdə olan şəxslərin iştirakı ilə 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər həlak olub, 7 nəfər yaralanıb. Hadisələrin 4-ü minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.