İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) indiyə qədər 6 KOB subyektinə aqrar sahə ilə bağlı startap şəhadətnaməsi verib.
Yenicag.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Məsləhət xidmətləri, yeni dəyər zənciri modellərinin yaradılması və aqroturizmin inkişafı vasitəsilə yerli ərzaq istehsalçılarının və aqro-biznes sahibkarlarının təşviqi” layihəsinə dair konfransda bildirib.
“Agentliyimizin verdiyi startap şəhadətnamələri vasitəsilə sahibkarlar 3 il müddətində vergi güzəşti əldə edirlər. Aqrar sektor gündəlik həyatımızda əhəmiyyətli rol oynayır və bu, sektorun malik olduğu və davamlı olaraq artan çoxşaxəli funksiyaları ilə izah olunur. Aqrar sektor ərzaq təminatı mənbəyi olmaqla yanaşı, dünya əhalisinin 28 %-i üçün məşğulluq imkanları, digər mühüm sənaye sektorları üçün xammal və qlobal miqyasda 3,4 trilyon ABŞ dolları həcmində əlavə dəyər təmin edir”, – deyə o, qeyd edib.
Bundan başqa, O.Məmmədov bildirib ki, müxtəlif regionlarda fəaliyyət göstərən KOB İnkişaf Mərkəzlərində ödənişsiz təlimlər və məsləhət xidmətləri təşkil olunub: “İqtisadi və Sosial İnkişaf Mərkəzinin icra etdiyi layihəyə cəlb olunmuş fermerlərə də bu mərkəzlər biznes planlarının hazırlanmasında dəstək göstərib. Agentliyin önəmli dəstək mexanizmlərindən olan KOB dostları isə fəaliyyət göstərdiyi yerlərdə biznes subyektləri ilə birbaşa ünsiyyətdə olur, onların təşəbbüslərinin reallaşdırılmasına dəstək göstərir”.