“Boşanma sayının kəskin artması özəl televiziyaların, sosial şəbəkələrin, xüsusi qrupların otuz ilə yaxındır, apardığı kampaniya və təbliğatın nəticəsidir”.
Bu fikirləri son dövrlər boşanma statistikasının artması və qeyd olunan neqativ tendensiyanın səbəbləri haqda danışan sosioloq Elçin Bayramlı Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycanda boşanmaların sayı üzrə artıq dünyada ön yerlərdə qərarlaşıb:
“Azərbaycanda boşanmaların sayı artıq əlli faizə yaxınlaşıb və biz bu dəhşətli, faciəvi və qorxunc göstərici üzrə dünyada lider ölkələrdən birinə çevrilmişik. Təsəvvür edin, dünyanın ən möhkəm ailə institutuna malik olan bir xalq boşanma siyahısında ön sıralarda dayanır.
Ailələr o qədər sürətlə dağılır ki, ailə qurmağın mənası belə qalmır. Bunun yeganə səbəbi isə mənəvi deqradasiyadır. Əxlaqsızlığın yayılması, şüurun, insanların müasirlik adı altında dəyişməsi, mənəvi dəyərləri aşağılayaraq, maddi dəyərlər üzərində həyat qurmağa çalışmasıdır.
Boşanma sayının kəskin artması özəl televiziyaların, sosial şəbəkələrin, xüsusi qrupların otuz ilə yaxındır, apardığı kampaniya və təbliğatın nəticəsidir. Qərbə inteqrasiya adı altında şou verlişlər, seriallarda davamlı olaraq, psixotron “terror” gənclərin beyninə yeridilib. Belə şəraitdə heç bir sağlam ailədən söhbət belə gedə bilməz.
Biz təəssüf ki, cəmiyyət olaraq, bu problemin həll olunması əvəzinə, daha da dərinləşməsi üçün əlimizdən gələn hər şeyi etmişik. Boşanmaların qarşısını almağın yeganə yolu artıq evlənməməkdir. Bugunki gənclərin təfəkkürü açıq şəkildə ortadadır. Hər şey göz qabağındadır. Çıxış yolu praktiki olaraq artıq mümkün deyil.
İnsanların təfəkkürü, psixolgiyası tamam dəyişib. Bunu bərpa etmək üçün bizə uzun müddət lazımdır. Bu məsələdə ağsaqqallarımızın, ziyalılarımızın da müəyyən mənada günahı var. Çünki onlar cəmiyyəti tərbiyə etmək əvəzinə, susaraq daha pis vəziyyətə gəlməsinə şərait yaratdılar. Düşünürəm ki, bu tendesiyanın gedişində biz ailə inistitutumuzun tam məhvinin şahidi olacayıq”.
İsmayıl Bakuvi