!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda artan BEYİN AXINI həyəcanı: "Kafedralarda yeniliyi qəbul etməyən diktator professorlar oturub"

!Reklam – Yazi

“Kafedralarda, Elmi Tədqiqat İnstitutlarında hegemonluğa son qoyulmalıdır”.

Bu sözləri Azərbaycada yaşanan “beyin axını” ilə bağlı problemi dəyərləndirən Avropa Nevroloji Akademiyanın həqiqi üzvü Qalib Əsədov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, savadlı gənclərin ölkəmizi tərk etməsinin qarşısını almaq üçün kifayət qədər ciddi tədbirlər görülməlidir:

“Biz tələbə olarkən belə bir qayda vardı. Universiteti qırmızı diplomla bitirən tələbə adətən kafedraların birində saxlanılır və onların gələcək elmi fəaliyyət göstərməsi üçün lazım olan hər cür şərait yaradılırdı. Nəticədə ölkəmizdə Topçubaşov, Cavadzadə, Xudu Məmmədov, Azad Mirzəcanzadə və s. kimi möhtəşəm dühalar yetişirdi.

Lakin bu gün əksər elmi tədqiqat institutlarında, universitetlərin kafedralarında Sovetlər vaxtının təfəkkür tərzində düşünən, yeniliyi heç cür qəbul etməyən, despot, diktator, mühafizəkar professor oturub. Kafedranın bütün əməkdaşları da onun hər sözünə qeyd-şərtsiz əməl etməli, göstərişlərini sözsüz yerinə yetirməlidir. Hər bir yeni təşəbbüs işinin itirilməsi deməkdir. Adətən bu professorların ətrafında əlində qeyd kitabçası, hər sözünü qeyd edən qızcığazlar gəzir. Guya bu da gənclərə öz elmini öyrədir. Onların əhatəsində özünü Sezar kimi hiss edən bu professora da elə bu lazımdır. Öz kafedrasında balaca padşahlıq yaradıb, hökm sürsün”.

Qalib Əsədov hesab edir ki, məhz bu vəziyyət elmimizin tənəzzül dövrünü yaşamasına səbəb olur:

“Respublikadan kənarda nə qədər azərbaycanlı elm yolunda xarüqələr yaratdıqları halda, bizdə bunu etmək sadəcə mümkün deyil. Amma dövlət məhz elm adamların sayəsində qüvvətli və qüdrətli olur. Almaniya, İsrail, Yaponiya və digər ölkələr öz yüksək səviyyəli inkişafını məhz alimlərinə borcludur. Ölkəmizdə istedadlı gənclərə hər cür yardım göstərilməli və onların daha da inkişafı üçün müvafiq şərait yaradılmalıdır.

Tibb sahəsini götürsəm, Türkiyədə və ya digər xarici ölkələrdə təhsil almış gənclər Tibb Universitetində, Həkimləri Təkmilləşdirmə İnstitutunda təhsilin aparılmasına cəlb edilməlidir. Bu, keyfiyyətli ixtisaslı kadrların hazırlanmasına yol aça bilər. Xaricdə təhsil almış gənclərdən qorxmaq yox, onları sevmək lazımdır”.

Gülşən Şərif

www.yenicag.az

643
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv