!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda azad sahibkarlığın TƏŞVİQİ: Biznesdə dayanıqlı inkişaf üçün hansı addımlar atılmalıdır? - TƏHLİL

!Reklam – Yazi

Müstəqil Azərbaycanın uğurlu inkişaf göstəricilərindən ən mühümü vətəndaşların sosial rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən sistemli və ardıcıl tədbirlərdir. Bu istiqamət üzrə ölkədə liberal iqtisadiyyatın formalaşması prioritet sahələrdən birinə çevrilib.

Hər bir ölkədə sosial sahənin inkişafının iqtisadiyyat və biznesdən asılı olduğunu nəzərə alsaq, ölkəmizdə sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin formalaşdırılmasının üstün tutulması başadüşüləndir. Məhz buna görə də 2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən dövlət proqramları respublikamızın regionlarında yerli sahibkarlığın, yeni istehsal və emal müəssisələrinin açılmasına, işsizlik və yoxsulluq probleminin əsaslı dərəcədə həllinə ciddi təkan verib. Dövlət başçısının 2018-ci il 26 iyun tarixli 148 nömrəli fərmanı ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məqsədi də mikro, kiçik və orta sahibkarlıq fəaliyyətinin tənzimlənməsində iştirak etməkdən, bu sahədə beynəlxalq təcrübədə geniş tətbiq olunan və müasir tələblərə cavab verən çevik idarəetmə sisteminin və səmərəli əlaqələndirmə mexanizmini tətbiq etmək və onların ölkə iqtisadiyyatında rolunu möhkəmləndirməkdir.

Ötən il isə Prezident İlham Əliyev “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamda Nazirlər Kabinetinə 3 ay müddətində işğaldan azad edilmiş ərazilərdə iqtisadi resursların və əmək resurslarının səmərəli idarə olunması, onların emal sənayesinin və xidmət infrastrukturunun yaradılmasına yönəldilməsi məqsədilə vergi güzəştlərinin, sosial sığorta və digər güzəştlərin tətbiqi; işğaldan azad edilmiş ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, həmin ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən edilməsi; işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su istehlakı) üzrə güzəştlərin müəyyən edilməsi; müasir bilik və bacarıqlara malik mütəxəssislərin işğaldan azad edilmiş ərazilərə cəlb edilməsi, habelə əmək miqrasiyası kvotasının müəyyən edilməsi və iş icazələrinin verilməsi prosedurunun təkmilləşdirilməsi; işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və bu istiqamətdə zəruri dövlət dəstəyinin gücləndirilməsi; işğaldan azad edilmiş ərazilərdə ekoloji təmiz texnologiyaları tətbiq edən, “yaşıl artım” yaradan və bərpa olunan enerji mənbələrindən istifadə edən investorların dəstəklənməsi və işğaldan azad edilmiş ərazilərdə yaşayış massivlərinin inşası ilə bağlı dövlət‒özəl sektor tərəfdaşlığının inkişafı istiqamətlərində təkliflərini hazırlayaraq prezidentə təqdim etmək tapşırılıb.

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi ilə bağlı iqtisadçı Qubad İbadoğlu Yenicag.az-a açıqlamasında bildirib ki, iqtisadi inkişafa təkan verəcək amillərdən biri də işsizlik probleminin aradan qaldırılmasıdır:

“Əslində, bu problemi bir gündə həll etmək mümkün deyil. Bu gün Azərbaycanda dövlətin iqtisadiyyatda iştirakı kifayət qədər yüksəkdir və dövlətin iqtisadiyyatda iştirakının azaldılması istiqamətində dəyişikliklər baş verməlidir ki, yeni iş yerləri açılsın. Bunun üçün, ilk növbədə, azad sahibkarlıq, bu dövr üçün iqtisadiyyatın aparıcı lokomotivinə çevrilməlidir. Yəni azad sahibkar üçün lazım olan sərbəst rəqabət və mülkiyyət üzərində öz hüquqlarını həyata keçirmək istəyidir. Bunun üçün isə təminat verilməlidir.

Hesab edirəm ki, Azərbaycanın hazırkı dövrdə məhz azad sahibkarlığın inkişafını dəstəkləməklə, ixracatı stimullaşdırmaqla, eyni zamanda, qeyri-neft sektoruna əlavə sərmayələr cəlb etməklə yeni iş yerlərinin açılması hədəfdə durmalıdır. Təbii ki, bununla yanaşı, inflyasiya da tənzimlənməlidir. Bu gün Azərbaycanda yeni bir iqtisadi mühit yaranıb. Bu iqtisadi mühitdə həm biznes, həm də istehlakçılar əvvəlki davranışlarından imtina etməli və yeni iqtisadi mühitə uyğun olaraq qərarlar qəbul etməlidirlər. Azərbaycan çalışmalıdır ki, onun investisiya və kredit reytinqlərini zədələyən hər hansı bir fəaliyyəti həyata keçirməsin. Bu baxımdan, xarici investor Azərbaycana, xüsusilə də qeyri-neft sektoruna gətirilə bilər və qeyri-neft sektorunda xarici investorun bu gün Azərbaycan üçün qoyduğu sərmayə, bəlkə də, beş il bundan əvvəl qoyduğu sərmayə ilə müqayisədə daha əhəmiyyətlidir.

Əgər uzun müddətli dövr üçün Azərbaycan iqtisadiyyatını inkişaf etdirmək istəyiriksə, mütləq öz qapılarımızı xarici investorlar üçün açmalıyıq və onlar üçün daha əlverişli biznes mühiti yaratmalıyıq. Eyni zamanda, kiçik və orta sahibkarlıq sinfi üçün ciddi güzəştlər həyata keçirilməlidir. Hesab edirəm ki, maliyyə amnistisiyasının verilməsi xarici investisiyaların Azərbaycana cəlb edilməsi istiqamətində ilk addım olmaqla yanaşı, yerli sahibkarlar üçün də təhlükəsiz və rəqabətli mühitinin formalaşmasına yol aça bilər”.

İşğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlara verilən dəstəyə toxunan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov isə saytımıza açıqlamasında qeyd edib ki, sözügedən ərazilərdə sahibkarlara uzunmüddətli kreditlər təklif edilməlidir:

“İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın təmin edilməsi üçün investisiya axınlarının kəskin şəkildə artırılmasına ehtiyac var. Ölkədə reallaşdırılan iqtisadi idarəetmə siyasəti nöqteyi-nəzərdən strateji planlama mexanizmləri hazırlanıb işə salınmalıdır. Dövlət həm maliyyə infrastrukturunun təkmilləşdirilməsinə nail olmalıdır, həm də bütövlükdə infrastruktur layihələrinin icrasına getməlidir. Bununla biznesdə dayanıqlı inkişaf üçün zəmin yaradılmış olacaq. Biznesə uzunmüddətli əlçatan kreditlər təklif edilməlidir. Cəbhəyanı bölgələrdə və işğaldan azad edilən ərazilərdə kreditləşmə ən münbit şərtlərlə məqsədli şəkildə real sektora yönəlik formalaşdırılmalıdır. Faiz dərəcələrinin maksimum endirilməsi, bu istiqamət üzrə Mərkəzi Bankın məqsədli emissiyaya getməsi və aidiyyəti müvafiq səlahiyyətlər verilən kommersiya bankları vasitəsilə 3-4 faizdən yuxarı olmamaq şərtilə sahibkarlara kredit dəstəyi verilməlidir.

Xüsusilə sosial sığorta ödənişləri, gömrük rüsumları, qaz, elektrik enerjisi, su təchizatı sahəsində güzəştlər sahibkarlar üçün ciddi stimullardır. Ümumiyyətlə, yalnız işğaldan azad olunan ərazilər deyil, bütövlükdə Azərbaycan iqtisadiyyatı hazırda investisiya baxımından çox ciddi çatışmazlıq yaşayır. Buna görə də bütün ölkə iqtisadiyyatının investisiya ehtiyacını qarşılamaq üçün sərmayələrin cəlb olunması son dərəcə vacibdir. Bunun üçün, ilk növbədə, pul-kredit siyasətinin stimullaşdırıcı məzmun alması lazımdır”.

Gülşən Şərif

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

692
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv