Koronavirusla əlaqədar təhlükəsizlik amili nəzərə alınaraq Azərbaycan Turizm Bürosu tərəfindən xarici turizm şirkətləri üçün olan bir sıra tanışlıq səfərlərinin təxirə salınması ilə bağlı qərarlar qəbul edilib.
Yenicag.az-in məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktorunun müavini Bəhruz Əsgərov deyib.
Onun sözlərinə görə, ATB tərəfindən Səudiyyə Ərəbistanında, Türkiyədə və Almaniyada planlaşdırılan satış görüşləri ləğv edilib:
“Xeyli sayda beynəlxalq tədbir və forumlar işini dayandırıb və bir sıra regional görüş və Azərbaycan turizminin təqdimatı üzrə tədbirlər təxirə salınıb. Sözsüz ki, koronavirus bütün dünyada böhranlı vəziyyət yaratdığı kimi, Azərbaycana təsirsiz ötüşmədi. Biz çalışırıq ki, Azərbaycan turizminə zərərləri minimuma endirək. Eyni zamanda 2020-ci il üçün olan strategiyamızda müvafiq dəyişikliklər etmişik. Bu dəyişikliklər marketinq sahəsində özünü xüsusilə biruzə verməklə, rəqəmsallaşmanı əsas hədəf kimi qarşımıza qoyur.
Əsas məqsədimiz odur ki, böhrandan sonrakı dövrdə turistləri Azərbaycan cəlb etməyə, post-böhran mərhələsində dünya turizm sənayesində yeni təkliflərlə çıxış etməyə və daha çox diqqət çəkməyə hazır olaq və beləliklə də vəziyyət stabilləşəndə Azərbaycan turistlərin səyahət etmək üçün ağıllarına gələn ilkin istiqamətlərdən biri olsun”.