Azərbaycanda şəkər tozunun qiymətinin bahalaşması barədə məlumatlar yayılıb.
Yenicag.az Trend-ə istinadən xəbər verir ki, satıcılar şəkərə tələbatın artması mövsüm ilə əlaqəli olduğunu bildiriblər.
Qış fəslinə hazırlıq görmək üçün insanlar kompot, mürəbbə bişirmək üçün şəkəri kisə ilə alır. Bu da qiymətə təsir edir. Artıq 15 gündür ki, qiymətlər bir kiloqrama 10 qəpik artıb. Belə ki, bir neçə gün əvvəl kiloqramı 1,60 manata olan şəkər tozu hazırda 1,70 manata satılır.
Məsələ ilə bağlı açıqlama verən iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, şəkər tozunun qıtlığı müvsümü amillərlə bağlıdır:
“Hazırda meyvənin bol vaxtıdır. Sahibkarlıq subyektləri və insanlarımız qışa hazırlıq məqsədilə kompotlar, mürəbbələr və digər şirniyyat vasitələri hazırlayırlar. Bu da şəkər tozuna tələbatı artırır. Marketlərdə şəkər tozunun qıtlığı yaşanır”.
Ekspert bildirib ki, bu ilin beş ayında ölkəmiz şəkər tozunun ixracatında artırıb.
“Bu da onu deməyə əsas verir ki, ölkəmizdə şəkər tozunun təminatında problem yoxdur. Ümumi götürsək dünyada şəkər tozunun qiymətində bahalaşma müşahidə olunur. Belə ki, şəkər qamışı və tozunun böyük istehsalçıları olan Hindistan, Misir ixraca müəyyən məhdudiyyətlər tətbiq ediblər. Bunun əksinə olaraq böyük şəkər tozu ixracatçısı Braziliya ixracatı artırıb. Yaxın aylarda şəkər tozunun qiymətinin stabilləşməsinin şahidi olacayıq”, – deyə o qeyd edib.