Azərbaycanda büdcə kəsiri yenə artırılacaq? – “Bu kəsir iqtisadiyyatdan kəsilən pullar hesabına bağlanacaqsa…” – ŞƏRH
“Fitch” agentliyinin Azərbaycanın büdcə kəsiri ilə bağlı proqnozu reallığı əks etdirmir”.
Yenicag.az xəbər verir ki, bu fikirləri “Fitch” beynəlxalq reytinq agentliyinin Azərbaycanın müəyyən dəyişikliklər edilmiş 2020-ci il dövlət büdcəsinin kəsiri üzrə proqnozunu 2,3 faizdən 12,4 faizə qaldırmasına münasibət bildirən İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib.
Elşad Məmmədovun fikrincə, ölkədə makroiqtisadi siyasətin planlaşdırılması və ya bütövlükdə iqtisadi idarəetmə siyasətinin müəyyənləşdirilməsi zamanı “Fitch”, yaxud da digər beynəlxalq reytinq agentliklərinin proqnozuna söykənilməməlidir:
“İlin sonuna kimi Azərbaycanda iqtisadi proseslərin büdcə kəsirinin 12,4 faizə qaldırılacağını düşünmürəm. Düzdür, xarici iqtisadi şoklar və pandemiyanın ölkə iqtisadiyyatına vurduğu zərər büdcə göstəricilərinin yenidən təhlil edilməsinə və müəyyən dəyişikliklərə səbəb olub. Lakin büdcə kəsirinin proqnozlaşdırıldığı qədər artacağı gözlənilən deyil”.
Professor hesab edir ki, Azərbaycanda büdcə kəsiri və büdcə xərclərinin bir qədər də artırılmasına ehtiyac var:
“Məlumdur ki, 2020-ci il üzrə icmal büdcə xərcləri artırıldı və bu, gözlənilən idi. Çünki iqtisadi vəziyyət bu addımın atılmasını tələb edir.
O baxımdan, ölkədə büdcə kəsirinin yenidən artırılması zəruridir. Ancaq büdcə kəsirinin hansı resurslar hesabına bağlanması və necə idarə olunacağı da ciddi məsələdir.
Əgər büdcə kəsiri iqtisadiyyatdan kəsilən pullar hesabına bağlanacaqsa, bu halda müsbət nəticə gözləməyə dəyməz. Ölkədə büdcə kəsirlərinin 10 faizdən yuxarı olmaması şərtilə artıma ehtiyac var.
Büdcə kəsiri Mərkəzi Bank tərəfindən emissiya vasitəsilə ötürülməlidir ki, ölkə iqtisadiyyatına əlavə investisiya resursları daxil olsun”.
Gülşən Şərif