Azərbaycanda bürokratik aparat “sındırılır”: Hökumət hansı modeli seçəcək?

“Yeni Müsavat” qəzetinin yazdığına görə Azərbaycan hökuməti “yuxarıdan aşağıya” bütün idarəetməni tənzimləmək, daha operativ bir komanda formalaşdırmaq məqsədilə struktur islahatlarını davam etdirəcək. Bu fonda da bir sıra nazirlik və dövlət komitələrinin birləşdiriləcəyi söylənilir. Bildirilir ki, nazirlik və komitələrdə yalnız bir müavin üçün ştat saxlanılacaq. Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyətində də rəhbər postlarda ixtisarlar olacaq. Nazirlər Kabinetinə ciddi “əl gəzdiriləcək”. İslahatlar regional idarəetmədə də aparılacaq. Müavinlərin ixtisarı rayon icra hakimiyyətlərinə də aiddir, icra başçısının yalnız bir müavini olacaq.

Beləliklə, açıqlamadan görünür ki, növbəti struktur islahatları ilə bir sıra yüksək məmurlar da ixtisara salınacaq.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, idarəetmə prosesində struktur və effektiv idarəetmə modeli ilə bağlı dəyişikliklərə getmək əslində qaçılmazdır:

“Son iki ildə ölkədə baş verən proseslər, iqtisadiyyatın zəifləməsi böyük neft pulları dövründə dövlət idarəetmə aparatının kifayət qədər şişirdilməsinin nəticəsi idi. Artıq qənaət rejiminə keçmiş bir ölkə olaraq dövlət büdcəsindən maliyyələşən idarə və nazirliklərin getdikcə daha az xərclə öz işini görmək və effektivliyi artırmaq yolu ilə getmələri labüddür. Ştatların bu fonda azaldılması çox vacibdir. Çünki ölkə iqtisadiyyatının strukturuna baxdıqda görürük ki, 920 minə yaxın insan büdcədən maliyyələşən dövlət orqan və şirkətlərində çalışır. Bu rəqəm isə özəl sektorda çalışanlardan 1,5 dəfə çoxdur. Kommersiya sektorunda cəmi 600 min insan çalışır. Ona görə də büdcəyə qənaət olunması baxımından dövlət orqanlarında çalışanların say etibarı ilə azalması çox vacibdir.

Lakin bu da yetərli deyil. Çünki effektiv idarəetmə və perspektivli hökumət modelinə keçid mütləqdir. Bunun üçün də idarəetmənin fəlsəfəsi dəyişməlidir. Rayon icra hakimiyyətlərinin mərkəzləşdirilmiş şəkildə birləşdirilməsi daha yaxşı olardı. Azərbaycan kimi kiçik bir ölkənin 80-nə yaxın rayona bölünməsinə ehtiyac yoxdur. İqtisadi rayonların yaranmasına və idarəetmənin regionlarda təmərküzləşməsinə ehtiyac var. Ölkənin el və yaxud vilayətlərə bölünməsi, daha effektiv idarə olunması günün vacib tələbidir. Nazirliklərin sayı və funksiyası etibarı ilə də dəyişikliklərə ehtiyac var. Azərbaycanda 40-dan artıq dövlət və hökumət orqanı fəaliyyət göstərir. Bu da kifayət qədər böyük rəqəmdir. Türkiyədə 24, Gürcüstanda isə 17 dövlət və hökumət orqanı fəaliyyət göstərir. Bu da effektivliyi artırmağa, insanlara daha çox sərbəstlik verməyə xidmət edən amillərdən biridir. Yəni obrazlı desək, “Asan xidmət”ə böyük səlahiyyətlər verərək, onu gücləndirməkdənsə, başqa sözlə “Asan”ı hökumətləşdirməkdənsə, hökuməti asanlaşdırmaq daha yararlı olacaq”.

ELÇİN

Yenicag.az

COP29