Azərbaycanda çoxuşaqlı ailə modeli DƏYİŞİR – “Az və keyfiyyətli uşaq” prinsipi nədir?

“Əfsuslar olsun ki, bu gün Azərbaycanda ailə, uşaq düşüncəsi arxa plana keçmişdir”.

Bunu Yenicag.az-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.

 

O, Azərbaycanda çoxuşaqlı anlayışının 5-dən 3-ə endirilməsi ilə bağlı səslənən təkliflərə münasibət bildirib.

Qeyd edək ki, statistikaya görə ölkədə 23 min 150 ailədə övlad sayı 5 nəfərdir. Eyni zamanda, 4 və daha çox uşaqlı ailələr 110.4 min, 3 uşaqlı ailələr 256.3 min, 2 uşaqlı ailələr 557.8 min, 1 uşaqlı ailələr 423.0 mindir.

Onun sözlərinə görə, son illər təkcə Azərbaycanda yox, həmçinin qlobal müstəvidə çoxuşaqlı ailələrin sayında azalma müşayiət olunur:

“Azərbaycan müstəqillik əldə etdikdən və qlobal dünyaya açıldıqdan sonra “az və keyfiyyətli uşaq” prinsipi üzrə əksər ailələrdə uşaq sayının azalmasını müşahidə edirik. Artıq insanlar ailə planlamasında 1,2 ən çoxu 3 uşağa üstünlük verirlər. Həmçinin statistikaya baxanda görürük ki, 5 və daha çox uşaqlı olan ailələrin sayı olduqca azdır”.

Ekspertin fikrincə, Azərbaycanda təbii artımın əvvəlki illərə nisbətən daha zəif olması və xüsusən də bir çox ailələrin ailə planlamasında dəyişikliklərin olması azuşaqlılıq həqiqətini ortaya çıxarır:

“Ümumiyyətlə, təkcə Azərbaycanda yox, bir sıra dünya ölkələrində insanlar daha eqoist və zövqə düşkün bir həyat tərzində yaşamağı üstünlük hesab edirlər. Əgər bu gedişat belə davam etsə, artıq Azərbaycanda 5 uşaqlı ailə anlayışı xəyala çevriləcək. Düşünürəm ki, çoxuşaqlı ailələrin 5 uşaqdan 3 uşağa salınmasında böyük əhəmiyyət var. Təklif edirəm ki, çoxuşaqlı ailələrin 5 uşaqdan 3 uşağa endirilməsi ilə yanaşı, həmçinin ailələrə motivasiyaedici tədbirlər görülsün. Əgər çoxuşaqlıların sayı 3-ə endirilsə, o zaman 5 uşaqlı ailələrə şamil olunan təklif və fürsətlər birbaşa 3 uşaqlı ailələrə də şamil olunaqdır. Bu da həmin ailələr üçün motivasiyaya çevrilə bilər. Çoxuşaqlı ailələrin 5-dən 3-ə endirilməsi olduqca böyük təşəbbüsdür. Əlavə olaraq bu mövzuda müəyyən tədbirlər həyata keçirilsə, onda biz təbii artım üzrə ləngiməni aradan qaldıra bilərik”.

Nəzrin Bünyatova