Azərbaycanda çoxuşaqlı ailələrin STATUSU: “Üç və daha çox övladı olanlar…” – İqtisadçıdan TƏKLİF

“Üç və daha çox uşağı olan ailələrin çoxuşaqlı ailə kimi qeydə alınmasına ehtiyac var”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycanda çoxuşaqlı ailələrlə bağlı vəziyyəti dəyərləndirən iqtisadçı Rəşad Həsənov deyib.

İqtisadçının sözlərinə görə, ailə planlaşdırılmasına müsbət təsir etmək üçün dövlət tərəfindən uşaqlı ailələrə tətbiq olunan qaydalarda dəyişikliklərin edilməsi vacibdir. Bu addım vətəndaşların inamını qazanmaq üçün də əlverişli imkandır:

“Təəssüf ki, ölkə statistikasında dörd və daha çox uşaqlar bir qrupda cəmləşdirilir. Ona görə də dörduşaqlı ailələrin real sayının göstərilməməsi müəyyən problemlərə yol açır.

Azərbaycanda dörd və daha çox uşağı olan ailələrin sayı təqribən 126-127 min civarındadır. Ölkə başçısı İlham Əliyevin fərmanına əsasən, 2019-ci il aprelin 1-dən etibarən, beşdən çox uşağı olan qadınlara 55 manat məbləğində müavinət verilir. Burada 26 min ailədən söhbət gedir.

Əslində, çoxuşaqlı ailələrlə bağlı qanunvericilikdə dəyişiklik edilməsinə ehtiyac var. Artıq beş və daha çox uşağı olanlar deyil, üç və daha çox uşağı olanlar çoxuşaqlı ailə kimi qeydə alınmalıdır.

Mövcud vəziyyətdə dövlət tərəfindən vergi sahəsində, əmək bazarında leqallaşma və ya pandemiya ilə əlaqədar vaksinləşmə prosesinə görə çağırışlar edilsə də, vətəndaş buna adekvat cavab vermir.

Çünki vətəndaşların güvəni çox aşağı səviyyədədir. Güvəni təmin etmək üçün vətəndaşların sosial rifahını yaxşılaşdıracaq addımlar atılmalıdır”.

Gülşən Şərif