Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxdu – 5 nəfər öldü

Azərbaycan Respublikasında 325 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 101 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Yenicag.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Koronavirusa yoluxmuş 1954, 1955, 1956, 1973 və 1978-ci il təvəllüdlü 5 nəfər vəfat etmişdir.

Hazırkı dövrədək ölkəmizdə 6260 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 3665 nəfər müalicə olunaraq sağalmış, 76 nəfər vəfat etmiş, 2519 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 61 nəfərin vəziyyəti ağır, 78 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 315.527 test aparılmışdır.